İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrail Katz İsrail ordusuna Livanda hərbi əməliyyatları və atəşi dayandırmaq barədə rəsmi göstəriş verib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar iyunun 20-də, İsrailin "Kanal 12" televiziyası tərəfindən elan edilib. Məlumatlara görə, qərar Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin rəhbərlik etdiyi operativ vəziyyət qiymətləndirilməsindən sonra qəbul olunub.
Qeyd etmək lazımdır ki, bu addım İsrailin beynəlxalq təzyiqlər və ABŞ-nin regional diplomatik səyləri fonunda gəlir. İyunun 21-də İsveçrədə ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində rəsmi Vaşinqtonun regional gərginliyi azaltmaq üçün İsrail rəhbərliyinə ciddi təzyiq göstərdiyi bildirilir. Bununla yanaşı, hərbi dairələr bildirir ki, atəşkəs əmrinə baxmayaraq, İsrail ordusu hazırda nəzarətində olan Livanın cənub ərazilərindən hələlik geri çəkilməyib.
Son günlər İsrailin atəşkəs rejimini pozaraq hava zərbələrini intensivləşdirməsi, o cümlədən Livana qarşı hərbi əməliyyatların davam etdirilməsi regional sabitliyi təhdid edirdi. Rəsmi Tel-Əvivin bu qərarı, İranla ABŞ arasında imzalanması gözlənilən sülh memorandumunun şərtlərinə uyğun olaraq, münaqişənin "dondurulması" istiqamətində növbəti mərhələ kimi qiymətləndirilir.
Əli Səfərli,
NOCOMMENT.az










