Ermənistanda keçirilən seçkiönü mitinqlər fonunda Baş nazir Nikol Paşinyan Rusiyadan ölkəyə gələn həmvətənlərinə müraciət edərək diqqətçəkən bəyanatlarla çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın hökumət başçısı bu barədə hakim partiyanın İrəvanın mərkəzində təşkil etdiyi izdihamlı mitinqdə danışıb.
Paşinyan meydandakı kütləyə səslənərək Rusiyadan gələnləri aktiv olmağa çağırıb: "Mən Rusiyadan gələn insanlara müraciət edirəm. Əminəm ki, burada Rusiyadan gəlmiş çox sayda insan var – səsinizi ucaldın, varlığınızı göstərin, əziz həmvətənlərim".
Baş nazir çıxışında Rusiyadan yenicə qayıdan ermənilərin artıq azad mühitdə olduqlarını iddia edib və onları ölkənin gələcəyi üçün məsuliyyət daşımağa səsləyib:
"Burada olmayanlara isə bunu demək istəyirəm: əgər siz artıq bir neçə saatdır və ya bir neçə gündür Ermənistan Respublikasındasınızsa, deməli, müəyyən müddətdir ki, azadlıqdan bəhrələnirsiniz. Elə isə bizim həm də sizin üçün yaratdığımız bu azadlığın məsuliyyətini öz üzərinizə götürün. Sizin də dövlətiniz olan bu ölkə üçün məsuliyyət daşıyın. Geri qayıdın – Vətəniniz sizi sevir və yolunuzu gözləyir".
Paşinyanın bu çıxışı, xüsusilə Rusiyadakı mövcud siyasi mühitlə müqayisədə Ermənistanı "azadlıq adası" kimi qələmə verməsi və Moskva ilə münasibətlərin gərgin olduğu bir dövrdə kütləvi repatriasiya çağırışı etməsi ekspertlər tərəfindən rəsmi İrəvanın növbəti siyasi gedişi kimi qiymətləndirilir.
Sara,
NOCOMMENT.az











