İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi “The New York Times” nəşrinə bildirib.
Həkimin sözlərinə görə, iki smartfona sahib olmaq düzgün olmayan erqonomik vərdişlərin formalaşmasına və qadcetlərdən həddindən artıq istifadənin güclənməsinə səbəb olur. Nəticədə əllərə və oynaqlara düşən yük artır ki, bu da tendinitin, “tətik barmaq” xəstəliyinin (Nott xəstəliyi) və karpal tunel sindromunun inkişafına gətirib çıxara bilər.
Bir neçə smartfondan istifadə tendensiyası getdikcə daha qabarıq şəkildə müşahidə olunur. “The New York Times” qəzetinin Vorhaus Advisors şirkətinin araşdırmasına istinadən verdiyi məlumata görə, ABŞ-də iki smartfona sahib olanların payı 2024-cü ildəki 15 faizdən 2025-ci ildə 18 faizə yüksəlib.
Mütəxəssislər bu tendensiyanı iş və şəxsi həyatı bir-birindən ayırmaq istəyi ilə əlaqələndirirlər. “Electronic Frontier Foundation” fondunun kibertəhlükəsizlik direktoru Eva Qalperin qeyd edir ki, ayrı-ayrı cihazlardan istifadə əməkdaşlara iş və istirahət arasında balansı qorumağa kömək edir, işəgötürənlərə isə korporativ məlumatları daha etibarlı şəkildə mühafizə etməyə və əməkdaşların şəxsi məlumatlarına toxunmamağa imkan verir. (Trend)











