Rusiya Ukraynada son bir il ərzində ciddi irəliləyiş əldə edə bilmir. Tərəflər arasında təmas xəttində əsasən mövqe döyüşləri gedir. Rusiya Donbasın tam inzibati sərhədlərinə çıxmaq məqsədinə nail ola bilməyib. Ukrayna isə cəbhə xəttində müəyyən taktiki üstünlüklər əldə edərək Rusiyanın irəliləyiş tempini zəiflədib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Krım istiqamətində Ukraynanın artan hərbi təzyiqi Rusiyanın yarımadadakı hərbi qüvvələrinin təchizatında çətinliklər yaradır: "Eyni zamanda, həm cəbhə xəttində, həm də arxa cəbhədə Rusiya ciddi itkilərlə üzləşir. Ukrayna Rusiyanın neft-qaz infrastrukturu və hərbi-sənaye obyektlərinə zərbələr endirməklə Moskvanın iqtisadi və hərbi potensialına təsir göstərməyə çalışır. Rusiyanın Kiyevə raket hücumlarına cavab olaraq Ukraynanın Rusiya ərazisindəki enerji və neft emalı obyektlərini hədəfə alması müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu, tərəflər arasında qarşılıqlı çəkindirmə elementlərinin gücləndiyini nümayiş etdirir".
Onun sözlərinə görə, Ukraynanın müdafiə imkanlarının güclənməsində Qərb ölkələrinin hərbi, maliyyə və siyasi dəstəyi mühüm rol oynayır: "Prezidentin Londonda Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə keçirdiyi görüşlərdə Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı əlavə təzyiq mexanizmləri müzakirə olunub. G7 ölkələri də Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı siyasi-iqtisadi yeni sanksiyaların tətbiq edilməsinə razılaşdılar. Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin nizamlanmasına dair aparılan danışıqlar ciddi nəticə vermədi. Çünki Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya tam dəstək verməklə, iki ölkənin sövdələşməsinin qarşısını aldılar. Bununla yanaşı, gələcəkdə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsi mümkündür. Müharibənin taleyini isə ilk növbədə cəbhədəki vəziyyət və tərəflərin siyasi iradəsi müəyyən edəcək".
Tunar,












