Ermənistanda keçirilən parlament seçkilərində diqqətçəkən siyasi fiqurlardan biri — müxalif "Güclü Ermənistan" blokunun lideri, rusiyalı milyarder Samvel Karapetyan səsvermə hüququndan istifadə edib. Hazırda ev dustaqlığında olan milyarder səsvermədən sonra ölkənin gələcək xarici siyasət kursu ilə bağlı mühüm bəyanatlar verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Hazırda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş S.Karapetyan rəhbərlik etdiyi partiyanın seçkilərdə qələbə qazanacağına əminliyini ifadə edib. O qeyd edib ki, qələbədən sonra Ermənistan regionda və dünyada "balanslaşdırılmış beynəlxalq siyasət" yürüdəcək: "Biz hamı ilə – həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı ilə yaxşı münasibətlərə malik olmalıyıq. Bunlar Ermənistanın inkişafına kömək etməli olan ölkələrdir. Münasibətlərdə mütləq şəkildə balans olacaq".
Müxalif lider, həmçinin seçkilərdən sonra Rusiyaya qayıtmaq planlarının olmadığını vurğulayıb: "Mən daha 10 il Ermənistanda qalacam. Burada işləyəcəm. Görüləsi işlər çoxdur".
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı rəsmi məlumata görə, Bakı vaxtı ilə saat 11:00-a olan xəbərə əsasən, ölkə miqyasında seçici fəallığı 14,79% təşkil edib.
Əli Səfərli,
NOCOMMENT.az











