Trampın elçiləri Moskvadan nə ilə qayıdır? – Ukraynada referendum havası

Trampın elçiləri Moskvadan nə ilə qayıdır? – Ukraynada referendum havası

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun kritik Moskva səfəri bitdi. Rusiya Prezidenti Vladimir Putin onu qəbul etdi. Səfər Ukrayna böhranı ilə bağlı əsas suala aydınlıq gətirməli idi.

Bu da o idi ki, Rusiya işğalçı müharibəsi yeni ilədək durduracaqmı, ABŞ heç olmasa atəşkəsə nail ola biləcəkmi?

Təsadüfi deyil ki, bu ərəfədə Rusiya prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev 2 dekabrı “sülh üçün vacib gün” adlandırmışdı.

Sitat: “Sülh üçün vacib bir gün: Prezident Donald Trampın Qəzza ilə bağlı sülh müqaviləsini hazırlayan komanda Ukrayna üçün sülh gündəliyini irəli sürmək üçün Moskvada olacaq”.

Bu arada Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib ki, Kiyev sülh sazişi üçün ağrılı güzəştlərə getməli olacaq. “Ukrayna hətta referendum keçirməli ola bilər”, – o əlavə edib.

Maraqlıdır ki, 2 dekabr Moskva görüşünə Trampın kürəkəni Cared Kuşner də qatılıb. Tramp onu Moskvaya göndərməkdə nə məqsəd güdür?

Bəs, Uitkof və Kuşner Moskvadan nə ilə qayıdıb? Tramp Putindən gözlədiyi cavabı ala bildimi? Doğrudanmı Ukraynada referendum qaçılmaz olacaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, münaqişə başladığı ilk günlərdən etibarən qeyd edirdim ki, zaman keçdikcə Qərb daxilində Ukrayna məsələsində fikir ayrılığı yaranacaq, xüsusilə də Zelenski ətrafında ciddi çatlar formalaşacaq:

“Bu gün artıq həmin proqnozun reallaşdığını görürük. Qərb ölkələri Ukrayna üçün vahid mövqe nümayiş etdirmir. Vaşinqton, Berlin, Paris və Londan, Kiyev və Moskva arasında strateji yanaşmalar getdikcə daha çox fərqlənir. Ukraynanın öz ərazilərindən müəyyən güzəştlərə məcbur ediləcəyi fikri də əvvəlcədən görünürdü. Xüsusilə ABŞ Ukraynanı kompromisə doğru itələyən əsas aktordur. Bunun səbəbi isə sırf geosiyasi yox, həm də iqtisadi xarakter daşıyır. ABŞ administrasiyası xarici siyasət qərarlarını qəbul edərkən iqtisadi komponentə üstünlük verən bir komandadır. Dağıdılmış Ukrayna isə Qərb üçün artıq “strateji yük”dən daha çox potensial investisiya və bərpa bazarı kimi görünür. Dünya bankları, investisiya fondları, korporasiyalar üçün Ukrayna gələcəkdə böyük gəlir mənbəyinə çevrilə bilər”.

Şərhçinin sözlərinə görə, bu isə Qərbi – xüsusilə ABŞ-ni – münaqişəni tam olmasa da, atəşkəs mərhələsinə yaxınlaşdırır:

“Sülh sazişinin imzalanması hələ də çətindir, çünki tərəflərin maksimalist mövqeləri qalır. Amma atəşkəs real ehtimaldır və proses həmin istiqamətdə gedir.

Ən çox “ağlayan tərəf”in Rusiya olduğu təsəvvürü yanlışdır. Hərbi üstünlük hazırda Rusiyanın tərəfindədir və bu ona diktə imkanları verir. Bəzi ərazilərdə referendumlar keçirilməsi, faktiki nəzarətin möhkəmləndirilməsi və strateji istehkamların qurulması Rusiyanın növbəti mərhələdə üstün vəziyyətdə danışıqlara girəcəyini göstərir. Bununla belə, Ukraynanın da maraqlarına uyğun olan variant tam kapitulyasiya deyil, heç kim belə bir razılaşma gözləmir. Daha real olan – müəyyən bölgələrin statusunun dondurulduğu, tərəflərin atəşkəs imzaladığı, lakin tam sülh müqaviləsinin hələlik gündəmdə olmadığı bir modeldir”.

Azər Hüseynovun sözlərinə görə, bu proses Ukraynanın daxili siyasətinə də ciddi təsir göstərəcək:

“Böyük ehtimalla, gürcü siyasətində olduğu kimi, Ukraynada da hakimiyyət dəyişikliyi gündəmə gələcək. Müharibənin nəticələri, itirilən ərazilər, iqtisadi çöküş və siyasi qeyri-müəyyənlik fonunda Zelenski və komandası Ukrayna cəmiyyətinin qarşısında hesab verməklə üz-üzə qalacaq.

Siyasət dəyişə, daha praqmatik, Qərbin diktəsi ilə daha uyumlu yeni siyasi konfiqurasiya yarana bilər. Referendum isə bunun texniki tərəfidir.

Lakin bu, məncə, ərazi güzəşti rəsmi olarsa, atılacaq addımdır”.