Rusiyadan hotellərə ŞOK KİBERHÜCUM: Minlərlə Wi-Fi şəbəkəsi ələ keçirildi

Rusiyadan hotellərə ŞOK KİBERHÜCUM: Minlərlə Wi-Fi şəbəkəsi ələ keçirildi

Microsoft" korporasiyası bütün dünya üzrə otellərdə, konfrans mərkəzlərində və digər ictimai məkanlardakı simsiz internet şəbəkələrinə qarşı genişmiqyaslı kiberhücum kampaniyasının həyata keçirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, texnologiya nəhənginin yaydığı hesabata görə, hücumların hədəfində məhz ictimai Wi-Fi şəbəkələrinə qoşularkən açılan və "captive portal" adlanan avtorizasiya səhifələrindən istifadə edən obyektlər olub. Ehtimallara görə, təcavüzkarlar birdən çox Wi-Fi operatorunun istifadə etdiyi ümumi xidmətlərə giriş əldə etməyi bacarıblar.

"Microsoft"un hesabatında vurğulanır: "Əgər bu, həqiqətən də belədirsə, bir uğurlu hücum hakerlərə dərhal çoxsaylı otel və ictimai Wi-Fi şəbəkələrinə nəzarət etmək imkanı qazandıra bilər".

Kiberhücum zamanı istifadəçilər gizli şəkildə hakerlərin nəzarətində olan fişinq infrastrukturuna yönləndirilib və onlara zərərli proqram təminatı paylanılıb. Zərərli proqramlar istifadəçilərə brauzer və ya əməliyyat sistemi yeniləməsi adı ilə təqdim edilib. Qurbanlar həmin saxta yeniləmə təkliflərini yeni şəbəkəyə qoşulan kimi brauzerlərin avtomatik internet bağlantısı yoxlamaları zamanı ekrançıxıntılar (pop-up) şəklində görüblər.

"Microsoft" bu kiberhücumların arxasında Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ilə əlaqəli olan və "Midnight Blizzard" qruplaşması kimi tanınan "Storm-2945" haker dəstəsinin dayandığını iddia edir.

Sara, NOCOMMENT.az