Ukrayna iki gün ərzində ikinci neft bazasını vurdu

Ukrayna iki gün ərzində ikinci neft bazasını vurdu

Ukrayna ordusuna məxsus dronlar Rusiyanın Tambov vilayətində yerləşən neft bazasına hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Yevgeni Pervışov məlumat yayıb.

Onun sözlərinə görə, dronların qalıqları obyektə düşdükdən sonra yanğın baş verib.

“Əraziyə dərhal yanğınsöndürən briqadalar və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bütün zəruri qüvvə və vasitələr hadisə yerinə yönləndirilib,” – deyə Pervışov bildirib.

Hücum nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Ukraynanın Exilnova+ monitorinq kanalının məlumatına görə, hücum Nikiforovsk neft bazasına edilib.

Obyekt Dmitriyevka qəsəbəsində, Tambovdan təxminən 45 km aralıda yerləşir. Neft bazasında ümumi tutumu 10 440 kubmetr olan 14 çən mövcuddur və əsasən dizel yanacağı saxlanılır.

Obyekt “Rosneft” şirkətinə məxsusdur və yaxın vaxtadək bölgədəki ən böyük yanacaq tədarükçüsü olan “Tambovnefteprodukt”un tərkibində fəaliyyət göstərirdi. Noyabr ayının sonunda bu şirkət “Rosneft”in Voronej filialı olan “Voronejnefteprodukt” ilə birləşdirilib.