“VİP əyləncələr” və… – İstanbul boğazındakı villalarda nə baş verib?

“VİP əyləncələr” və… – İstanbul boğazındakı villalarda nə baş verib?

İstanbulda tanınmış iş adamları, idman və şou-biznes nümayəndələrinin adlarının hallandığı genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

NOCOMMENT.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 16 ünvanda eyni vaxtda reydlər təşkil olunub və çoxsaylı şəxslər haqqında həbs orderləri verilib.

İstintaq çərçivəsində saxlanılanlar arasında “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman və “Qalatasaray”ın keçmiş prezidenti Burak Elmas də var. Eyni zamanda iş adamları Hakan Sabancı və Kerim Sabancı, aktrisa Hande Erçel, model Didem Soydan və aparıcı Güzide Duran da şübhəlilər siyahısındadır.

Prokurorluğun açıqlamasına görə, narkotik maddələrin saxlanılması və istifadəsinə yardım etmə ittihamları ilə bağlı istintaq çərçivəsində 16 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 14 nəfər saxlanılıb, 2 nəfər haqqında isə qiyabi həbs qərarı çıxarılıb.

İstintaqın əsas istiqamətlərindən biri qaçaq iş adamı Kasım Garipoğlu ilə əlaqəli olduğu iddia edilən və İstanbul Boğazı ətrafındakı villalarda təşkil olunan “VIP məclisləri”dir. İddialara görə, bu məclislərdə narkotik ticarəti və fahişəlik fəaliyyətləri baş verib.

Mediada yer alan məlumatlara görə, həmin məclislərdə iş və şou-biznes dünyasından bir çox tanınmış şəxslərin iştirak etdiyi, xüsusilə Hakan və Kerim Sabancının “VIP iştirakçılar” arasında olduğu iddia olunur.

İstintaq materiallarında əsas sübutların Qaripoğlunun əməkdaşlarının ifadələri və telefon yazışmaları olduğu bildirilir. Sürücü və bəzi işçilərin ifadələrindən sonra aparılan texniki araşdırmalar nəticəsində məclislərdə iştirak etdiyi iddia olunan şəxslərin siyahısı müəyyən edilib.

Hüquq-mühafizə orqanları istintaqın çoxşaxəli şəkildə davam etdiyini və yeni saxlanılmaların istisna olunmadığını bildiriblər. Hadisə Türkiyə ictimaiyyətində böyük rezonans doğurub.

Turan
NOCOMMENT.az