Netanyahudan TƏCİLİ açıqlama - Nə baş verir?

Netanyahudan TƏCİLİ açıqlama - Nə baş verir?

İsrailin baş naziri Binyamin Netanyahu Livanla aparılan danışıqların nəticələri barədə videomüraciət edib. O, əldə olunan razılaşmanı İsrail dövləti üçün böyük nailiyyət kimi qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu İsrailin Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağını vurğulayıb. Baş nazir bildirib ki, bu mövqe "Hizbullah" tərksilah olunana və İsrail dövlətinə qarşı təhlükə aradan qalxana qədər qorunub saxlanılacaq.

Netanyahu bu razılaşmanı həm də İrana qarşı ciddi zərbə adlandırıb: "İran bizi zorla cənubi Livandan çıxarmağa çalışır, lakin İsrail, Livan və ABŞ onlara "bu sizin işiniz deyil" deyir. Nə siz, nə Hizbullah, nə də hər hansı digər terror təşkilatının Livanda yeri yoxdur".

Razılaşmanın digər mühüm məqamlarına gəldikdə, baş nazir Livan ordusunun nəzarəti ələ alması üçün iki pilot zonanın yaradıldığını qeyd edib. Bu zonalardan biri Litani çayının cənubunda, digəri isə şimalında yerləşir. Eyni zamanda, İsrailin ilkin təhlükəsizlik zonasını antitank raketlərinin çata biləcəyi məsafədən kənarda saxladığı və oraya "Hizbullah"ın, eləcə də mülki şəxslərin daxil olmasına icazə verilməyəcəyi bildirilib. Netanyahu çıxışını "Bizim təhlükəsizliyimiz ilk yerdədir" mesajı ilə yekunlaşdırıb.