Ukrayna Prezidenti Volodimir Zelenski hökumətdə gözlənilən kadr dəyişiklikləri fonunda intensiv görüşlər keçirir.
NOCOMMENT.az xəbər verir ki, Yuliya Sviridenkonun istefa verdiyini təsdiqləməsindən sonra Prezident potensial namizədlərlə bir sıra müzakirələr aparıb.
Prezidentin görüşdüyü şəxslər arasında Baş nazir vəzifəsinə mümkün namizədlər kimi göstərilən "Naftoqaz"ın rəhbəri Sergey Koretski, hazırkı energetika naziri Denis Şmıqal və müdafiə naziri Mixail Fyodorov var:
Sergey Koretski ilə "Naftoqaz" və "Ukrnafta"nın fəaliyyəti müzakirə olunub. Zelenski hər iki dövlət şirkətinin planlaşdırılan göstəricilərə çatdığını və milli maraqların qorunmasını təmin etdiyini vurğulayıb.
Denis Şmıqal ilə enerji sisteminin və kritik infrastrukturun müdafiəsi, qışa hazırlıq və icmaların dayanıqlılığının artırılması planları nəzərdən keçirilib. Mixail Fyodorov ilə hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi, müdafiə texnologiyalarının inkişafı və döyüş briqadalarının şəxsi heyətlə təminatı məsələləri müzakirə olunub.
Prezident, həmçinin Xarkov şəhərinin meri İqor Terexovla da görüşüb. Müzakirələr zamanı şəhərdəki təhlükəsizlik vəziyyəti, mərkəzi və yerli hakimiyyət orqanları arasında əməkdaşlıq, eləcə də Xarkovun ehtiyacları diqqət mərkəzində olub. Zelenski Xarkovun sakinlərin dəstəklənməsi təcrübəsinin digər şəhərlərdə də tətbiq oluna biləcəyini qeyd edib.
Bundan əlavə, Prezident Daxili İşlər naziri İqor Klimenko ilə də görüşərək DİN, Fövqəladə Hallar Dövlət Xidməti, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini, eləcə də təhlükəsizliyin gücləndirilməsi üçün əlavə tədbirləri müzakirə edib.
Qeyd edək ki, Yuliya Sviridenko öz "Facebook" səhifəsində vəzifəsindən ayrıldığını rəsmən təsdiqləyib.















