4 nəfərin ölümünə səbəb olan psixoloq İLK DƏFƏ DANIŞDI

4 nəfərin ölümünə səbəb olan psixoloq İLK DƏFƏ DANIŞDI

Mersində 4 nəfərin həyatını itirdiyi ağır yol qəzasına görə həbs olunan psixoloq Melis Kuş ilk dəfə hakim qarşısına çıxıb.

NOCOMMENT.az xəbər verir ki, təqsirləndirilən şəxs qəzanı qəsdən törətmədiyini bildirərək, "Əgər piyadaları görsəydim, özümü yük maşınının altına atardım" deyib.

Qeyd edək ki, hadisə bu il fevralın 2-də Mersinin Akdeniz rayonunda D-400 magistral yolunda baş verib. İstintaq materiallarına görə, Melis Kuş idarə etdiyi avtomobillə sürət həddini xeyli aşaraq təxminən 149 km/saat sürətlə hərəkət edib və yolu keçmək üçün gözləyən piyadaların üzərinə çıxıb. Qəza nəticəsində 16 yaşlı Nejla Öztürk, 18 yaşlı Zehra Serdil Atak, 15 yaşlı əkiz bacılar Kübra və Büşra Güney həyatını itirib, daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Melis Kuş

Hazırlanan ekspertiza rəyində sürücü əsas təqsirkar hesab olunub. Bildirilib ki, qəza baş verən ərazidə icazə verilən maksimal sürət 50 km/saat olduğu halda, Melis Kuş təxminən üç dəfə yüksək sürətlə hərəkət edib. Prokurorluq ona qarşı "birdən çox şəxsin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olma" maddəsi ilə ittiham irəli sürüb və 22 il 6 aya qədər azadlıqdan məhrum edilməsini istəyib.

Mersin 7-ci Ağır Cinayət Məhkəməsində keçirilən ilk iclasda Melis Kuş bildirib ki, qəza onun iddia etdiyi kimi yük maşınının avtomobilinə toxunmasından sonra baş verib. O, panikaya düşdüyünü, avtomobilin idarəetmədən çıxdığını və piyadaları vurduğunu xatırlamadığını deyib.

Təqsirləndirilən şəxs ifadəsində sürətinin 70-80 km/saat olduğunu iddia edərək, hadisədən dərin peşmanlıq hissi keçirdiyini bildirib. O, "Piyadaları görsəydim, özümü yük maşınının altına atardım. Bunu qəsdən etməmişəm" sözlərini işlədib.

Qəzadan sağ çıxan Burkan Acar məhkəmədə bildirib ki, mikroavtobusdan düşərək yolu keçmək üçün gözləyərkən avtomobil qəfil onların üzərinə gəlib. O, iki ay yataq xəstəsi olduğunu və ayağında ciddi xəsarət qaldığını deyərək təqsirləndiriləndən şikayətçi olduğunu vurğulayıb.

Məhkəmədə həyatını itirən əkiz bacıların atası Mahmut Güney də çıxış edib. O bildirib ki, qızları hadisədən cəmi 10 dəqiqə əvvəl onunla danışaraq evə doğru gəldiklərini demişdilər.

"İki övladım var idi, indi heç biri yoxdur. Onların arzularını məhv etdilər. Ən ağır cəzanın verilməsini istəyirəm", – deyə ata məhkəmədə bildirib.

Digər zərərçəkən ailələr də Melis Kuşun ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.

Məhkəmə hadisə yerində əlavə araşdırma aparılması barədə qərar qəbul edib və növbəti iclası sentyabr ayına təyin edib.\\Musavat.com