Türkiyənin Şanlıurfa şəhərində baş verən dəhşətli yol qəzası həm böyük bir qəhrəmanlıq, həm də ağır bir itki ilə nəticələnib. Şanlıurfa-Akçakale avtomobil yolunda idarəetmədən çıxan minik maşını yol kənarındakı su kanalına aşaraq sürətlə axan suların qoynuna düşüb. Avtomobildə olan iki qadın — polis əməkdaşı Nimət C. və Rukiye A. suyun içində ölüm-dirim mübarizəsi aparmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerindən keçən Suriya əsilli gənc Məhəmməd Əl Məzar qadınların kömək fəryadını eşidərək tərəddüd etmədən özünü coşqun axan kanala atıb. O, canı bahasına hər iki qadının sudan çıxarılmasına və xilas edilməsinə nail olub. Lakin qadınlar təhlükəsiz yerə çıxarıldıqdan sonra güclü axın fədakar gənci öz ağuşuna alaraq sürükləməyə başlayıb.
Ətrafdakı insanların köməkliyi və kəndirlərin yardımı ilə sudan ağır vəziyyətdə çıxarılan Məhəmməd dərhal Şanlıurfa Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, iki nəfərin həyatını xilas edən bu qəhrəman gəncin bu gün xəstəxanada vəfat etdiyi bildirilib. Hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.
Sara,
NOCOMMENT.az












