Oman neft terminalında güclü partlayış

Oman neft terminalında güclü partlayış

Qlobal enerji bazarlarına təsir edə biləcək növbəti fövqəladə hadisə Yaxın Şərqdə qeydə alınıb. Omanda baş verən güclü partlayış ölkənin ən mühüm neft qovşaqlarından birində fəaliyyətin donmasına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Omandakı "Mina əl-Fahhal" terminalında baş verən güclü partlayışdan sonra neftin gəmilərə yüklənilməsi və daşınması prosesi tamamilə dayandırılıb.

Etibarlı mənbələr partlayışın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə törədilən hücum nəticəsində meydana gələ biləcəyini iddia edirlər. Agentlik rəsmi şərh almaq üçün hələlik terminal nümayəndələri ilə əlaqə saxlamağın mümkün olmadığını dəqiqləşdirib.

Hadisənin digər təfərrüatları, dağıntıların miqyası və mümkün tələfat barədə hələlik əlavə məlumat verilmir. Hazırda regionda və qlobal neft bazarında vəziyyət diqqətlə izlənilir.

Sara,
NOCOMMENT.az