Cənubi Qafqazda regional əməkdaşlıq və kommunikasiyaların açılması məqsədilə yaradılmış "3+3" platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu — Rusiya, Türkiyə, İran) növbəti toplantısının yeri barədə rəsmi Moskvadan təklif gəlib. Rusiya növbəti xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşə Bakının yaxud İrəvanın ev sahibliyi etməsini gözləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində təşkil olunmuş "‘3+3’ platforması: ümumi çağırışlar və strateji tərəfdaşlıq" adlı sessiyada çıxışı zamanı bəyan edib.
Mixail Qaluzin hazırda bu məsələ ilə bağlı müzakirələrin fəal şəkildə davam etdiyini bildirib: "Biz nazirlərin növbəti görüşünün ya Bakıda, ya da İrəvanda keçiriləcəyini gözləyirik. Anladığımız qədərilə, bu mövzuda azərbaycanlı və ermənili həmkarlarımız arasında danışıqlar hazırda davam edir".
Rusiya rəsmisi həmçinin vurğulayıb ki, rəsmi Moskva "3+3" formatı çərçivəsində tamdəyərli fəaliyyətin təmin olunması üçün Cənubi Qafqaz regionunda bütün nəqliyyat və kommunikasiya xətlərinin tam şəkildə açılmasını (blokadadan çıxarılmasını) dəstəkləyir. Qaluzin onu da əlavə edib ki, Gürcüstan bu platforma üçün olduqca mühüm tərəfdaşdır və rəsmi Tbilisinin iştirakı olmadan bu formatın perspektivləri tam və əhatəli ola bilməz.
Sara,
NOCOMMENT.az











