Lavrovdan İrəvana sərt xəbərdarlıq: "Ermənistan rəhbərliyi sözlərinə cavab verməlidir"

Lavrovdan İrəvana sərt xəbərdarlıq: "Ermənistan rəhbərliyi sözlərinə cavab verməlidir"

Rusiya ilə Ermənistan arasında diplomatik gərginlik yeni müstəviyə qədəm qoyub. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvanın Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Avraasiya İttifaqı) arasında seçim etmək siyasətini kəskin tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya XİN rəhbəri Ermənistanın hazırda Avropa İttifaqının "ya o, ya bu, seçim edin" klişesinin sınağından keçdiyini bildirib.

Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası dövründə verdiyi vədləri xatırladıb. O qeyd edib ki, Paşinyan vaxtilə xalqa "alternativ təqdim etməyə borclu olduğunu" və son qərarı Ermənistan xalqının verəcəyini bəyan etmişdi:

"Əgər bu belədirsə, o zaman həmin alternativləri göstərmək və referendum elan etmək lazımdır. Artıq Avropa İttifaqına rəsmi inteqrasiya hərəkatının başlanması haqqında qanun qəbul edilib. Əgər belə bir qanun varsa, deməli, sən özün artıq məsələni qəti şəkildə qoymusan. Amma o halda gəlin sözlərimizə cavab verək və xalqa müraciət edək".

Rusiya tərəfinin bu bəyanatı İrəvanın xarici siyasət kursunu kəskinləşdirdiyi və Moskvadan uzaqlaşaraq Qərbə inteqrasiya addımlarını rəsmiləşdirdiyi bir vaxtda Ermənistan rəhbərliyinə birbaşa siyasi təzyiq kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az