Paytaxtda ŞOK təhlükə - Hər gün daha da artır

Paytaxtda ŞOK təhlükə - Hər gün daha da artır

Paytaxtda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər DYPİ-dən bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

Son vaxtlar motosiklet sürücüsü olan yeniyetmələr həm özlərinin, həm ətrafdakıların həyatı üçün təhlükə olmağa başlayıblar. Onların təhlükəli manevrləri, qəza riski yaradan hərəkətləri həyəcan təbili çalınmasını zəruri edir. Son olaraq motosikletdən istifadə tanınmış vəkil Fərhad Mehdiyevin qızının ölümünə gətirib çıxardı. Bakıda isə bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayı artdıqca, sanki təhlükə də artır. Çünki əsasən yeniyetmələr və gənclər motosikl sürürlər. Onlar isə adrenalinə, sürətə üstünlük verirlər. Bu da bir sıra hallarda təhlükə yaradır. Göründüyü kimi, daha bir gənc bu səbəbdən saxlanılıb.

Bakı küçələrində ikiçarxlı nəqliyyat vasitələrinin, xüsusilə yüksək mühərrik gücünə malik motosikletlərin sayının kəskin artması özü ilə bərabər böyük bir təhlükəsizlik böhranı gətirib. Sükan arxasına keçən yeniyetmələrin yaş fərqi və təcrübəsizliyi, qanunsuz yollarla nəqliyyat axınına daxil olmaları paytaxt yollarını sanki bir poliqona çevirib. Tanınmış vəkil Fərhad Mehdiyevin ailəsində yaşanan dəhşətli faciə də sübut etdi ki, bu məsələ artıq bəsit bir qayda pozuntusu çərçivəsindən çıxaraq milli təhlükəsizlik və ictimai asayiş probleminə çevrilib. Nəzarətsiz buraxılan və sosial şəbəkələrdə reytinq qazanmaq üçün ölümünə şou göstərən "dəbilqəli kamikadzelər" həm özlərinin, həm də günahsız piyadaların və sürücülərin həyatını hər saniyə riskə atırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə qeyd edib ki, paytaxtda yeniyetmələrin törətdiyi motosiklet qəzalarının artması həm sərt hüquqi rıçaqların, həm də ailə nəzarətinin tamamilə iflic vəziyyətdə olmasının göstəricisidir: "DİN və DYPİ tərəfindən 2008-ci il təvəllüdlü bir yeniyetmənin saxlanılması faktı problemin miqyasını çılpaqlığı ilə ortaya qoyur. 18 yaşı tamam olmamış, sürücülük vəsiqəsi və elementar yol mədəniyyəti olmayan bir uşağın altındakı sürət maşını birbaşa potensial qətl silahıdır. Biz bu təhlükəni önləmək üçün qanun və maarifləndirmə tərəzisinə baxırıqsa, birmənalı olaraq cəza mexanizminin sərtləşdirilməsi ön plana keçməlidir. Maarifləndirmə öz yerində, amma adrenalin axtaran, psixoloji olaraq sürət fanatına çevrilən 16-17 yaşlı gəncə instaqramdakı və ya televiziyadakı sosial çarx təsir etmir. Onu yalnız qanunun dəmir yumruğu və valideyninin cibinə toxunacaq nəhəng cərimələr, həmçinin cinayət məsuliyyəti dayandıra bilər".

Ekspertin sözlərinə görə, problemin köklü həlli üçün həm satış məntəqələrinə sərt nəzarət qoyulmalı, həm də qanunvericiliyə təcili olaraq radikal dəyişikliklər edilməlidir: "Daha hansı addımlar atılmalıdır? Birincisi, ölkəyə gətirilən və daxili bazarda satılan hər bir motosiklet, kubundan asılı olmayaraq, dövlət qeydiyyatına alınmalı və nömrə nişanı ilə təmin edilməlidir. Bu gün bir çox yeniyetmə nömrəsiz və ya saxta sənədlərlə qaçır, çünki bilirlər ki, radara düşməyəcəklər, kameralar onları asanlıqla təyin edə bilməyəcək. İkincisi, yetkinlik yaşına çatmayan şəxslərə bu nəqliyyat vasitələrini satan və ya icarəyə verən obyektlər, eləcə də övladına bu şəraiti yaradan valideynlər birbaşa cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Paytaxtda xüsusi reydlərin intensivliyi artırılmalı, qayda pozan və ya sənədsiz sürülən motosikletlər dərhal müsadirə edilərək cərimə meydançasına aparılmalıdır. Əgər biz bu gün qanunvericilik səviyyəsində bu 'kamikadze' dalğasının qarşısını almasaq, hər gün küçələrimizdən yeni meyitlərin yığılması qaçılmaz olacaq. Təhlükə qapımızdadır və dövlətin aidiyyəti qurumları ən sərt addımları atmaqda gecikməməlidir".

Tunar,
NOCOMMENT.az