Türkiyənin İstanbul şəhərində yol hərəkəti zamanı başqa bir qadın sürücüyə hücum edən sosial media fenomeni Hülya Sönməz ağır cəza alıb.
NOCOMMENT.az xəbər verir ki, “Kelebek Sarsılmaz” adı ilə tanınan fenomenin qadına kəllə vurduğu anlar təhlükəsizlik kameralarına düşüb.
Hadisə Arnavutköy rayonunda baş verib. Məlumata görə, yol hərəkətində yaranan mübahisə qısa zamanda gərginləşib. Bu zaman avtomobildən düşən Hülya Sönməz digər qadın sürücüyə hücum edib.
Hadisə ərazidə yerləşən təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Hücumdan sonra zərərçəkən qadın polisə müraciət edərək şikayət ərizəsi yazıb. Arnavutköy Rayon Polis İdarəsinin Yol Hərəkəti Bürosu görüntüləri araşdırdıqdan sonra hadisə ilə bağlı əməliyyat başladıb və Hülya Sönməz saxlanılıb.
Araşdırma nəticəsində sosial media fenomeninə yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 180 min TL məbləğində inzibati cərimə tətbiq olunub. Bundan əlavə, onun sürücülük vəsiqəsi 60 gün müddətinə dayandırılıb, idarə etdiyi avtomobil isə 60 günlük müsadirə edilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və ciddi müzakirələrə səbəb olub.












