TƏBİB vəkil Fərhad Mehdiyevin qızının ölümü ilə bağlı ittihamlarını cavablandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq bildirilib ki, xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb:
“Dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub”. pizza mizza
Daha sonra qeyd olunub ki, ilkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib:
“Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib. Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib”.
Xatırlatma: vəkil Fərhad Mehdiyev mərhum qızı Zəhranın qəzadan sonra baş verənlərlə bağlı bir sıra ciddi iddialar səsləndirib. O, hadisə yerinə təcili tibbi yardım göndərilmədiyini, xəstəyə lazımi tibbi müdaxilələrin edilmədiyini və reanimasiya tədbirlərinin yetərli olmadığını iddia edib.
Hadisə ayın 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.









