Hazırda bütün dünyanın gündəmində Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğraması ilə bağlı müzakirələri pik həddə çatıb.
Hadisənin baş verməsini ictimaiyyətin müəyyən bir hissəsi qəza, böyük əksəriyyət isə təxribat və ya terror kimi qiymətləndirir.
Hərbi ekspert, polkovnik-leytenant Elmar Hüseyn NOCOMMET.az-a danışaraq məsələyə münasibətini bildirib:
“Bir çox media orqanları, xüsusən Türkiyə mediası hadisənin terror ola biləcəyi ehtimallarının üzərində dayanır. Amma fizikanın qanunlarından məlumdur ki, təyyarəyə kənar müdaxilə olsaydı və yaxud raketlə vurulsaydı təyyarə uçuş etdiyi trayektoriyadan eniş etməyə çalışanda şaquli deyil, üfiqi şəkildə eniş edərdi. Eyni zamanda təyyarədən ağ tüstünün çıxması da onu sübut edir ki, partlayış təyyarənin içərisində baş verib. Qara tüstü olarsa, bu kənar müdaxilənin təsirini ortaya qoyur. Üstəlik göydə hərəkət edən təyyarə və helikopterlər adi insan gözü ilə də görüldüyü halda radiolakasiya stansiyaları bunu daha dəqiq və detallı şəkildə görür. Kənar müdaxilə anında radiolakasiya stansiyalarında əks olunur. Konkret olaraq təyyarənin raket və digər silahlarla vurulması mümkün deyil”.
– Terror deyilsə bəs nədir?
-“Rolls-Royce”nin istehsal etdiyi təyyarələrdə 4 tipli mühərriklərdir. Amma 2 mühərrik bu təyyarəni rahat şəkildə daşıya bilir. Növbəti kənardakı digər mühərriklər onlarla üfüqləşərək təyyarəni rahat yerə endirə bilərdi. Amma mühərrikin 4-ündə də eyni anda dayanma faktoru daxili yanacaq sistemində nasazlıq olduğunu göstərir. Yaxud, belə ola bilər ki, təyyarə daxilində partlayışın baş verməsi yanacaq sisteminə yanacağın getməməsinə səbəb olub. Yəni, yanacağın vaxtında mühərrikə çatmaması nəticəsində təyyarənin 4 mühərrikinin birdən dayandığını ortaya qoyur. 4 matorun eyni anda dayanması da təyyarənin şaquli istiqamətdə yerə düşməsinə sübutdur.
– Amma mühərrikin yerə düşənə qədər, son ana qədər işlədiyini kadrlarda görürük.
– Təyyarə göydən dövrə vura-vura düşür. 3-cü dövrədə təyyarənin 3 yerə bölünməsini görürük. Artıq 3 dövrədə təyyarənin nə başı var, nə də ayağı…amma mühərriklər işləyir. Bu da onu göstərir ki, partlayış baş hissədə baş verib, sistemin idarə olunduğu yerdə. Yanacağın mühhərrikə getməsi partlayış zamanı dayanıb, amma partlayışdan sonra yanacaq yenə mühərrikə daxil olub və son ana qədər işlək vəziyyətdə olub.
– Təyyarə “yaşı” da bu qəzaya səbəb ola bilərmi?
– Lockheed C-130 təyyarələri 1966-68-ci ildə istehsal olunur. Artıq köhnəlib, istismar müddəti keçib. Özü köhnədir, detalları köhnədir. Hətta məlumatlarda deyilir ki, hələ 2003-cü ildə bu təyyarələrin xeyli hissəsi istifadədən çıxarılıb.
Son olaraq, deyim ki, artıq qara qutu tapılıb və ən son araşdırmalardan sonra ən düzgün cavablar orada olacaq.
Qeyd edək ki, Türkiyə mediası hazırda qəza edən C-130 təyyarələri ilə bağlı məlumatlarla çıxış edirlər. Belə çıxışlardan biri də Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin 2012-ci ildə istifadədən çıxardığı 6 ədəd C-130E təyyarəsinin Türkiyənin aldığına və orduya verildiyinə dair faktlardır
Hazırda Türkiyənin inventarında 19 ədəd C-130B/E model təyyarəsi var və 6 ildən bir texniki baxışdan keçirildiyi də qeydlərin arasındadır. Türkiyə Müdafiə Nazirliyi C-130B/E model təyyarələrinin 2040-cı ilə qədər xidmətdə qalacağı ilə bağlı məlumat da media resurslarında öz əksini tapıb.
Əntiqə Rəşid












