AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəzilər 2021-ci ilə təxirə salınan yarışla bağlı niyyətlərini açıqlayıb.
NOCOMMENT.az-ın məlumatına görə, beş şəhər turniri bir ildən sonra da qəbul etməyə hazır olduğunu təsdiqləyib.
Bunlar Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), London (İngiltərə) və Münhendir (Almaniya). Digər 7 təşkilatçı şəhər isə koronavirus pandemiyası üzündən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.
Bunlardan biri Bakıdır. AFFA və yarışın Bakıdakı Təşkilat Komitəsi hələ rəsmi məlumat yaymayıb. Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) da qərarını açıqlamağa tələsmir.
Qeyd edək ki, 12 şəhərdə keçirilməli olan AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
APA












