Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında müharibənin dayandırılması ilə bağlı açıqlamalar yenidən gərginlik yaradıb.
NOCOMMENT.az xəbər verir ki, Zelenski gündəlik video müraciətində Rusiyanın müharibəni bitirmək istəmədiyini bildirib. O, Ukraynanın ABŞ və Avropa ilə danışıqlara hazırlaşdığını, eyni zamanda əsir mübadiləsinin davam etdiyini qeyd edib. Zelenski bu gün 185 Ukrayna hərbçisi və 1 mülki şəxsin azad edildiyini ilin əvvəlindən isə ümumilikdə 1429 nəfərin geri qaytarıldığını açıqlayıb.
Ukrayna lideri Rusiyanın cavabını “zəif və məyusedici” adlandıraraq, “Rusiya yenə də müharibəni seçir” ifadəsini işlədib.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edərək Zelenski ilə görüşün hazırkı mərhələdə mənasız olduğunu bildirib. O, görüşün yalnız konkret razılaşmalardan sonra mümkün ola biləcəyini vurğulayıb.
Putin həmçinin Zelenskinin məktubunda “kobud ifadələr” olduğunu iddia edib və Ukrayna tərəfini ziddiyyətli mövqe sərgiləməkdə günahlandırıb. Rusiya lideri münaqişənin qısamüddətli deyil, uzunmüddətli və sistemli razılaşmalarla həll olunmalı olduğunu qeyd edib.
Çıxışında hərbi vəziyyətə də toxunan Putin Rusiyanın irəlilədiyini iddia edib həmçinin ölkəsinin beynəlxalq sanksiyalara baxmayaraq təcrid olunmadığını və qlobal ticarətdə iştirakını davam etdirdiyini bildirib.
Müharibə fonunda iki ölkə arasında dialoq ehtimalı yenidən gündəmə gəlsə də tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir./Sfera.az/












