Fəda Abbasov: Azəraqrar kənd təsərrüfatı məhsullarının emal işinin təşkilinə başlayır

Fəda Abbasov: Azəraqrar kənd təsərrüfatı məhsullarının emal işinin təşkilinə başlayır

Ənənəvi istehsal sahələri ilə yanaşı bu ildən etibarən müəssisəmizdə kənd təsərrüfatı məhsullarının emal işinin təşkilinə də başlanmışdır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Bakı Ekspo Mərkəzində təşkil olunan 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgisində iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Fəda Abbasov deyib.

F.Abbasov həmçinin bildirib ki, cənab Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanıyla təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə müəyyən edilmiş əsas prioritet istiqamətləri arasında “Ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün institusional potensialın gücləndirilməsi” və “Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması” ölkəmiz üçün vacib əhəmiyyət daşıyır. “Elə bu səbəbdən də birliyimiz hasil olunan süd və ətin xam şəkildə satılması yerinə emal prosesinə cəlb olunaraq həm yüksək keyfiyyətli ərzaq məhsullarının təminatına töhfə vermək, həm də müəssisə fəaliyyətinin rentabelliyini artırmaq kimi önəmli missiyaların icrasını qarşıya hədəf qoymuşdur”, – deyən qurum rəsmisi artıq 2022-ci ilin mart ayından etibarən müəssisə qeydə alınmış rəsmi əmtəə nişanı “TƏBİO” markası altında yüksək keyfiyyətli, biloji saf süd məhsullarının emalına başlanıldığını da qeyd edib.

“Müəssimiz tərəfindən emal olunmuş kərə yağı, pendir, xama, qaymaq, ayran, qatıq və digər məhsullar həm təbii xarakterinə görə, həm də ənənəvi kənd məhsulu kimi qidalılıq dərəcəsinə görə yüksək nəticələr göstərmişdir. Bundan başqa ətlik heyvandarlıq istiqaməti üzrə müəssisə potensialını maksimum istifadə etmək üçün fəaliyyət planı da artıq hazırdır. Azəraqrar DİEB halal kəsim məntəqəsində kəsilmiş və çeşidlənmiş mal və qoyun əti ilə yanaşı, öz xammalından istifadə etməklə kolbasa, sosiska, ət konservası kimi ət məhsullarının emalına başlamışdır. Bu məhsullarda da ən vacib kriteriya istifadə olunan xam lın keyfiyyəti və ekoloji cəhətdən təmizliyi olduğu üçün biz əminliklə deyə bilirik ki bizim ət məhsullarımız müştərilən yüksək keyfiyyət standartlarına cavab verir”,- deyə F.Abbasov vurğulayıb.

Onun sözlərtinə görə, Astarada çəltik sahələrimizdən hasil olunan düyü məhsullarımız öz ətri, keyfiyyəti və təbiiliyi ilə Hindistan düyülərindən heç də geri qalmır. “Haşimi”, “Sədri” kimi uzun düyü çeşidləri ilə yanaşı yumru düyü və unikal xassəyə malik qara pəhriz düyüsü də öz torpağımızın əvəzsiz nemətidir.

Azəraqrar rəsmisi həmçinin vurğulayıb ki, heyvandarlıqda istifadə olunan əsas yem məhsullarının da öz sahələrimizdən alınması, heyvanlarda baytarlıq tədbirlərinin vaxtlı aparılmasının təmin olunması, südün sağım və saxlanmasına birbaşa nəzarət, emal proseslərinin özümüz tərəfindən həyata keçirilməsi tam emal tsiklinin yaradılmasına imkan verir ki, bu da gələcəkdə “TƏBİO” məhsullarını “Ekoloji Təmiz Məhsul” standartlarına tam cavab verən məhsul kimi həm daxili bazara, həm də xarici bazarlara təqdim etmək imkanı yaradır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli qərarı ilə yaradılıb. Əsas fəaliyyət istiqamətləri olaraq bitkçilik və heyvandarlıq sahələrində kənd təsərrüfatı məhsularının istehsalı və emal işinin təşkili nəzərdə tutulub.