Binə qəsəbəsində iki avtobusun toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Binə Sovxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 24-də saat 08:00-dan etibarən 13 nəfər (yeddi kişi, altı qadın) Sabunçu Tibb Mərkəzinə, doqquz nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
"Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.











