Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Yeni qərara əsasən, vətəndaşlar banklara müraciət edərək istehlak krediti müqavilələrinin məsafədən bağlanmasına və ya kredit limitinin onlayn artırılmasına qadağa qoya biləcəklər.
Bu məhdudiyyət yalnız müştərinin fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş autentifikasiya ilə etdiyi müraciət əsasında ləğv ediləcək. Qaydalara görə, banklar onlayn kredit və ya kredit limiti artırılması zamanı müştərinin belə bir məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemləri, həm də kredit büroları vasitəsilə yoxlamalıdır.
Məhdudiyyət mövcud olduqda məsafədən kredit rəsmiləşdirilməsi mümkün olmayacaq. Bundan başqa, məhdudiyyət qoymuş şəxs adından onlayn kredit müraciəti daxil olarsa, bank müştərini dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandıracaq. Yeni tələblərə əsasən, məsafədən verilən kredit vəsaitləri dərhal köçürülməyəcək. Gün ərzində verilən və ya artırılan məbləğ minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu həddi aşdıqda isə 24 saat sonra təqdim ediləcək. Qərara əsasən, bank olmayan kredit təşkilatları da bu qaydalara əməl etməlidirlər. Mərkəzi Bankın aprelin 28-də qəbul etdiyi dəyişikliklər 1 oktyabr tarixindən qüvvəyə minəcək.
Rəqəmsal bankçılığın inkişafı ilə paralel olaraq artan kibercinayətkarlıq və vətəndaşların xəbəri olmadan adlarına onlayn kreditlərin rəsmiləşdirilməsi halları ölkənin maliyyə-bank sektorunda ən ağrılı problemlərdən birinə çevrilib. Mərkəzi Bankın qəbul etdiyi bu köklü dəyişikliklər birbaşa istehlakçıların hüquqlarının qorunmasına, fırıldaqçılıq halları vasitəsilə vətəndaşların borclanmasının qarşısının alınmasına xidmət edir. Xüsusilə, onlayn kredit vəsaitlərinin dərhal deyil, müəyyən zaman fasiləsi ilə hesaba köçürülməsi mexanizmi fırıldaqçıların pulu dərhal nağdlaşdırmaq imkanlarını sıfırlayır. Bank olmayan kredit təşkilatlarının da bu sərt qərarlara tabe edilməsi qanunvericiliyin əhatə dairəsini genişləndirərək vətəndaşlar üçün tam təhlükəsizlik çətiri formalaşdırır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov qeyd edib ki, Mərkəzi Bankın bu addımı maliyyə bazarında kiberməkrə və fırıldaqçılığa qarşı yönələn ən effektiv və inqilabi qərarlardan biridir: "Son illərdə vətəndaşların mobil telefonlarına daxil olmaq, şifrələrini ələ keçirmək və ya müxtəlif aldadıcı manipulyasiyalar etməklə onların adından onlayn kredit götürən cinayətkar qrupların sayı kəskin artmışdı. İnsanlar heç ruhları belə duymadan böyük borc bataqlığına düşürdülər. Yeni qaydalara əsasən, vətəndaşın öz istəyi ilə onlayn kreditləşməyə qadağa qoya bilməsi bu təhlükəni kökündən həll edir. Əgər şəxs banka müraciət edib bu məhdudiyyəti qoyubsa, fırıldaqçılar onun şəxsi məlumatlarını ələ keçirsələr belə, məsafədən heç bir rəsmiləşdirmə apara bilməyəcəklər. Məhdudiyyətin ləğvinin yalnız fiziki iştirak və ya gücləndirilmiş elektron imza ilə mümkün olması bankların da məsuliyyətini artırır. Banklar həm öz daxili şəbəkələrini, həm də kredit bürolarını yoxlamadan onlayn kredit verə bilməzlər. Hətta qadağa qoyan şəxsin adından müraciət daxil olan kimi SMS xəbərdarlığın getməsi vətəndaşa hüquq-mühafizə orqanlarına müraciət etmək üçün dərhal zaman qazandırır".
Onun sözlərinə görə, qərarda yer alan "müvəqqəti gözləmə müddəti" (cooling-off period) vəsaitlərin cinayətkarlar tərəfindən mənimsənilməsinin qarşısını alan ən mühüm texniki maneədir: "Yeni tələbə görə, məsafədən rəsmiləşdirilən kreditlərin dərhal hesaba oturmaması çox ağıllı bir addımdır. Gün ərzində minimum əməkhaqqının iki mislinədək olan kiçik məbləğlərin 2 saat, ondan yuxarı böyük məbləğlərin isə yalnız 24 saat sonra təqdim edilməsi mexanizmi fırıldaqçıların bütün planlarını alt-üst edir. Çünki cinayətkarların əsas hədəfi pulu saniyələr içində başqa hesablara köçürüb nağdlaşdırmaqdır. Bu 24 saatlıq fasilə vətəndaşa öz hesabındakı qanunsuz hərəkətliliyi fərq etməyə, bankı və polisi xəbərdar edərək əməliyyatı dondurmağa tam imkan verəcək. Bu qaydaların oktyabrın 1-dən qüvvəyə minməsi banklara öz informasiya sistemlərini hazırlamaq üçün vaxt tanıyır. Bu vaxt daxilində vətəndaşlar da maariflənməli və öz təhlükəsizlikləri üçün banklara müraciət edərək bu qadağaları aktivləşdirməlidirlər. Bu qərar ölkədə maliyyə savadlılığının və banklara olan ictimai etibarın artmasına çox ciddi töhfə verəcək".
Tunar,











