Regionlarda kirayə mənzil yalnız bu halda təklif ediləcək - RƏSMİ

Regionlarda kirayə mənzil yalnız bu halda təklif ediləcək - RƏSMİ

“Bu gün şəhərin mərkəzindən mənzil istəyənlərin sayı çox deyil. Tələb əsasən ətraf ərazilərə, xüsusilə Abşeron rayonuna və Bakıətrafı yaşayış məntəqələrinə yönəlib".

NOCOMMENT.az xəbər verir ki, bu sözləri İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov Plat.az-a açıqlamasında bildirib.

Fondun rəsmisi İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil fonduna daxil etdiyi yaşayış sahələrinin böyük hissəsinin Bakı, Sumqayıt və Abşeron ərazilərində yerləşməsinə diqqət çəkib. Deyir, regionlarda yaşayan bəzi vətəndaşlar da mənzili yaşadıqları şəhərdən deyil, paytaxt və ətraf ərazilərdən seçirlər:

“Biz mənzil fondunu hər dəfə vətəndaşların istək və tələbləri əsasında formalaşdırırıq. Daha çox tələb Abşeron və Sumqayıt ərazilərinədir. Təqdim ediləcək mənzillərin qiymətləri və aylıq ödənişləri də əvvəlcədən təhlil olunur”, – deyə Aslan Zeynalov bildirib.

Fond rəsmisi qeyd edib ki, müraciət edənlərin böyük hissəsi şəhərin mərkəzindən daha çox Bakıətrafı ərazilərdə yerləşən və aylıq ödənişləri nisbətən münasib olan mənzillərə üstünlük verir.

“Bu gün şəhərin mərkəzindən mənzil istəyənlərin sayı çox deyil. Tələb əsasən ətraf ərazilərə, xüsusilə Abşeron rayonuna və Bakıətrafı yaşayış məntəqələrinə yönəlib. Tələbat yüksək olduğu üçün mənzillərin alınması zamanı həmin ərazilərə üstünlük verilir”, – o əlavə edib.

Bakıda kirayə mənzillərə maraq artıb

Aslan Zeynalovun sözlərinə görə, son dövrlərdə Bakı şəhərində yerləşən mənzillərə də tələbat yaranıb. Buna görə Fondun təqdim etdiyi mənzillər arasında paytaxtda yerləşən yaşayış sahələrinin sayı artmağa başlayıb.

“Diqqət etsəniz, son illərdə Bakı şəhərindən də mənzillər təqdim olunur. Hazırda daha çox Bakı və Sumqayıt üzrə mənzillər satışa çıxarılır. Abşeron rayonunda isə əvvəlki dövrlərlə müqayisədə daha az mənzil təqdim olunur”, – Fond rəsmisi bildirib.

Regionlarda mənzil təqdim edilməsi tələbdən asılıdır

Departament direktorunun müavini bildirib ki, gələcəkdə digər şəhər və rayonlarda da kirayə mənzillərin təqdim edilməsi nəzərdə tutula bilər. Lakin bunun üçün həmin ərazilərdən kifayət qədər müraciət daxil olmalıdır.

“Misal üçün, Gəncə şəhərindən 10 nəfərin mənzil istəməsi Fondun həmin ərazidə mənzil alması üçün yetərli statistik göstərici deyil. Bunun üçün müraciətlərin davamlı və kütləvi olması, yəni müəyyən axının formalaşması lazımdır. Gəncədə yaşayan vətəndaşlar arasında da Bakıdan, Sumqayıtdan və ya Abşerondan mənzil alanlar var. Eyni hal Naxçıvanda yaşayan vətəndaşlarda da müşahidə olunur. Biz qeydiyyat və müraciətlər əsasında bu statistikanı görürük”, – Aslan Zeynalov vurğulayıb.

Fond rəsmisi əlavə edib ki, digər regionlarda kirayə mənzillərə tələbat artarsa və buna real ehtiyac yaranarsa, həmin ərazilərdə də mənzillər alınaraq vətəndaşlara təqdim edilə bilər.

Qeyd edək ki, kirayə müqavilələrinin 42,6 faizi Abşeron rayonu, 37,5 faizi Sumqayıt şəhəri, 19,9 faizi isə Bakı şəhərində yerləşən mənzillər üzrə bağlanılıb.