Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alaraq evə aparmaq istəyən vətəndaş məhsulun paketini açan kimi yayılan dözülməz və kəskin üfunət qoxusundan şübhələnərək dərhal geri qayıdıb.
Marketin kassadakı satıcıları da məhsulun iylənmiş, köhnə və kiflənmiş olduğunu öz gözləri ilə görüb dərhal təsdiq etməyə məcbur qalıblar və alıcının haqlı etirazından sonra pulu geri qaytarıblar. Lakin məsələnin ən dəhşətli tərəfi odur ki, qablaşdırmanın üzərindəki istehsal və istifadə tarixi hələ iyulun 17-ni göstərməsinə, yəni məhsulun hələ bir aylıq yararlılıq müddətinin qalmasına baxmayaraq, içindən zəhər saçan çürümüş kütlənin çıxması xüsusilə isti yay günlərində əhalinin sağlamlığına birbaşa təhlükə yaradır. İstehsal tarixi hələ qüvvədə ola-ola ət məhsulunun bu cür bərbad və xarab vəziyyətdə olması sadəcə fərdi məsuliyyətsizlik deyil, bütövlükdə ölkənin qida təhlükəsizliyi sisteminə və istehlakçı hüquqlarına vurulan ağır zərbədir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sərbəst ekspert Samir Fərəcov qeyd edib ki, üzərində hələ yararlılıq müddətinin bitdiyini göstərən tarix olduğu halda ət və kolbasa məhsullarının kəskin üfunət iyi verməsi və xarab olması ya saxta markalanmanın, ya da anbar və daşınma zamanı soyuq zəncir qaydalarının kobud şəkildə pozulmasının açıq sübutudur: "İsti yay günlərində ət məhsulları mikroorqanizmlərin inkişafı üçün ən əlverişli mühitdir və düzgün saxlanılmadıqda bir neçə saata ölümcül zəhərlənmə mənbəyinə çevrilir. Əgər 'QoçƏt' kimi tanınmış brendin məhsulu hələ vaxtı bitmədən bu cür çürüyürsə, deməli, ya məhsulun istehsal tarixi saxtalaşdırılaraq yenidən paketlənib, ya da ticarət obyektləri onu saxlama rejiminə zərrə qədər riayət etmədən piştaxtaya düzüblər. Belə halların cəzasız qalması sabah məktəblərin, bağçaların və sadə vətəndaşların stoluna gələn bu cür qidalar vasitəsilə kütləvi zəhərlənmə dalğalarına səbəb ola bilər".
Onun sözlərinə görə, AQTA və digər nəzarət qurumları bu cür hallara qarşı yalnız şikayət əsasında deyil, qabaqlayıcı sərt reydlərlə cavab verməlidir: "Marketlərin soyuducu sistemlərinin işləkliyini yoxlamadan, məhsulların logistika zəncirini izləmədən istehlakçını bu cür təhlükə ilə baş-başa qoymaq yolverilməzdir. 'QoçƏt' rəhbərliyi də öz növbəsində həmin partiyanın bazar necə çıxığını dərhal araşdırmalı, ictimaiyyətə açıqlama verməlidir, çünki bir brendin adı qazanılana illər gedir, lakin belə bir biabırçılıq isə həmin etimadı bir anda yerlə-yeksan edir. Vətəndaşlarımıza isə tövsiyə edirik ki, xüsusilə yay mövsümündə aldıqları ət və kolbasa məhsullarının yalnız tarixinə deyil, qoxusuna, rənginə və qablaşdırmasının bütövlüyünə həssaslıqla diqqət etsinlər, çünki heç bir şikayət insan sağlamlığından və həyatından qiymətli ola bilməz".
Tunar,
NOCOMMENT.az









