Bu ixtisaslar TƏHLÜKƏDƏ - Abituriyentlərin DİQQƏTİNƏ!

Bu ixtisaslar TƏHLÜKƏDƏ - Abituriyentlərin DİQQƏTİNƏ!

2026-cı ilin ali təhsilə qəbul kampaniyası abituriyentlər üçün həm yeni fürsətlər, həm də ciddi struktur dəyişiklikləri ilə yadda qalacaq. Ötən illərdən fərqli olaraq bu il ölkədə yeni universitetin fəaliyyətə başlaması gözlənilməsə də, ali məktəblərin tədris proqramlarına süni intellekt kimi müasir və müstəqil ixtisasların daxil edilməsi təhsil sektorunda dönüş nöqtəsi hesab olunur.

Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının IV nömrəsinin işıq üzü görməsi ilə tam aydınlaşacaq qəbul planları ərəfəsində, daxili əmək bazarının tələblərinə cavab verməyən və məzunları işsiz qalan köhnəlmiş ixtisasların azaldılması və ya tamamen ləğv edilməsi təklifi cəmiyyətdə geniş əks-səda doğurub.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, dinamik dəyişən iqtisadiyyat şəraitində illərdir eyni kadrları hazırlayan və məzunlarına heç bir məşğulluq zəmanəti verməyən ixtisasların yenidən nəzərdən keçirilməsi tamamilə haqlı və zamanın tələbinə uyğun bir addımdır: "Əgər bir ixtisas üzrə məzun olan gənclərin böyük əksəriyyəti öz sahəsində iş tapmaqda çətinlik çəkirsə və ya həmin peşə istiqaməti texnologiyanın inkişafı ilə öz əhəmiyyətini itiribsə, həmin sahəyə minlərlə plan yerinin ayrılması dövlət resurslarının səmərəsiz xərclənməsidir. Abituriyentlər təkcə ali təhsil almaq xatirinə diplom arxasınca qaçmamalı, gələcəyin mütəxəssisi olmaq üçün bazarın real tələblərini nəzərə almalıdırlar. Süni intellekt və rəqəmsal texnologiyalar dövründə ənənəvi, doymuş ixtisasların yerini daha perspektivli proqramlara verməsi vacib şərt kimi qarşımızda durur".

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin yaxın günlərdə dərc edəcəyi "Abituriyent 4" jurnalı ali təhsildə yeni dövr üçün mühüm bələdçi rolunu oynayacaq: "Yeni ixtisasların açılması ilə yanaşı, gələcəyi olmayan sahələrin ixtisar edilməsi ali təhsil müəssisələri arasında da sağlam rəqabət mühiti formalaşdıracaq. Ali məktəblər artıq sadəcə tələbə qəbulu planını doldurmaq üçün deyil, keyfiyyətli kadr hazırlamaq üçün mübarizə aparmalıdırlar. Abituriyentlərə tövsiyəmiz odur ki, ixtisas seçimi zamanı yalnız keçid ballarına deyil, həmin sahənin növbəti 5-10 il ərzindəki inkişaf perspektivlərinə diqqət yetirsinlər, çünki gələcəyin əmək bazarı diplomu deyil, real bacarıqları və müasir bilikləri qiymətləndirəcəkdir".

Tunar,
NOCOMMENT.az