İsrail İranla bir neçə günlük müharibəyə hazırlaşır

İsrail İranla bir neçə günlük müharibəyə hazırlaşır

Yaxın Şərqdə hərbi əməliyyatların coğrafiyası genişlənməkdə və qarşılıqlı zərbələr intensivləşməkdə davam edir. İsrail ordusunun İrana qarşı həyata keçirdiyi kütləvi hücum dalğalarından sonra hərbi rəhbərlik prosesin qısamüddətli olmayacağını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) İranla qarşılıqlı hərbi zərbələr mübadiləsinin böyük ehtimalla bir neçə gün davam edəcəyini açıqlayıb.

Məlumata görə, İsrail ordusunda hazırda ehtiyatda olan hərbçilərin (rezervistlərin) genişmiqyaslı səfərbərliyinə hazırlıq görülür. Proses çərçivəsində bir neçə ehtiyat taborun orduya çağırılması və sərhəd boyu ərazilərdə, xüsusilə İudeya və Samariyadakı təmas xəttində, eləcə də İordaniya ilə sərhəddə hərbi qüvvələrin əhəmiyyətli dərəcədə gücləndirilməsi gözlənilir.

Bundan əlavə, bu səhər saatlarından etibarən İsrailin Daxili Cəbhə Komandanlığında da rezervistlərin kütləvi şəkildə orduya çağırılmasına start verilib. Ordunun xilasetmə və qəza-bərpa qüvvələri ölkə ərazisinə mümkün raket düşmələri qeydə alınacağı təqdirdə dərhal hadisə yerlərinə yollanmaq üçün tam hazır vəziyyətə gətirilib. Bölgədə hadisələrin inkişafı dünya birliyinin diqqət mərkəzindədir.

Əli Səfərli,
NOCOMMENT.az