Ermənistanda iyunun 7-də keçirilən kritik və taleyüklü parlament seçkiləri baş tutdu və ilkin nəticələrin elan olunması ilə regionda geosiyasi şərtləri kökündən dəyişəcək yeni bir mərhələnin əsası qoyuldu. Gözlənildiyi kimi, hər hansı bir sensasiya və ya pro-rus qüvvələrin xəyal etdiyi çevriliş möcüzəsi qeydə alınmadı; Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası 50%-dən çox səs qazanaraq təkbaşına hökumət qurmaq hüququnu qorudu. Kremlin seçki öncəsi İrəvana qarşı tətbiq etdiyi kənd təsərrüfatı blokadası, qaz şantajları və Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dili ilə səsləndirdiyi hədə-qorxu ssenariləri bu dəfə heç bir işə yaramadı.
Səsvermə günü mətbuata olduqca iddialı bəyanatlar verən Paşinyan, qələbədən dərhal sonra Vaşinqton, Brüssel və Moskva ilə yanaşı, yaxın vaxtlarda birbaşa Bakıya da rəsmi səfər edəcəyini elan etməklə sülh gündəmini tamamilə öz əlində cəmləşdirdi. Bu mütləq qələbə, Azərbaycanın sülh müqaviləsi üçün əsas şərt kimi irəli sürdüyü konstitusiya referendumunun keçirilməsi və revanşist klanın siyasi arenadan silinməsi istiqamətində Paşinyanın əlini tamamilə gücləndirmiş oldu.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, 7 iyun parlament seçkilərinin nəticələri Ermənistan xalqının Rusiyanın çoxəsrlik imperiya asılılığından qurtulmaq və Qərbin təhlükəsizlik çətiri altına sığınmaq üçün etdiyi tarixi bəyanatdır: "Kremlin İrəvanda törətmək istədiyi hibrid təxribat dalğası erməni seçicisinin iradəsi qarşısında tamamilə darmadağın oldu. Nikol Paşinyanın səslərin əksəriyyətini toplayaraq təkbaşına iqtidarını qoruması göstərir ki, erməni cəmiyyəti Robert Koçaryanın və milyarder Samvel Karapetyanın rus kapitalı ilə bəslənən revanşist bloklarını, o cümlədən 12%-lik baryerin altında boğulan Sərkisyan qalıqlarını birdəfəlik tarixin zibiliyinə gömdü. Seçki bülletenindən çıxan bu nəticə rəsmi Bakının bölgədə formalaşdırdığı reallıqların Ermənistan tərəfindən rəsmən həzm edilməsinin bariz göstəricisidir. Paşinyanın qələbəsini ilk olaraq Gürcüstanın Baş nazirinin, ardınca isə Avropa İttifaqı və ABŞ rəsmilərinin böyük sevinclə təbrik etməsi, Qərbin bu regionda geopolitik savaşı qazandığının nümayişidir".
Professorun sözlərinə görə, Paşinyanın seçkidən dərhal sonra Bakıya səfər edəcəyini açıqlaması, Cənubi Qafqazda ABŞ-ın birbaşa patronajlığı ilə qurulan "Tramp marşrutu" (TRIPP) layihəsinin və yekun sülh sazişinin imzalanmasının an məsələsi olduğunu sübut edir: "Azərbaycan və Türkiyə tərəfi Ermənistanın daxili işlərinə qarışmadığı üçün rəsmi təbrik xəttində tələsməyəcək, lakin Paşinyanın sülhə sadiqliyini ehtiva edən bəyanatları Bakı və Ankara tərəfindən müsbət qarşılanır. İndi Paşinyanın qarşısında duran ən əsas sınaq, parlamentdə qazandığı bu mütləq çoxluqla dərhal konstitusiya referendumuna getmək və Ermənistanın əsas qanunundan Azərbaycana qarşı ərazi iddialarını birdəfəlik silməkdir. Bu hüquqi təmizləmədən sonra Bakı ilə İrəvan arasında iyul ayında Ankaranın və ya Vaşinqtonun vasitəçiliyi ilə tarixi sülh sazişi imzalana bilər. Rusiya təbii ki, bu biabırçı məğlubiyyətlə barışmaq istəməyəcək, Koçaryan qruplaşması vasitəsilə İrəvan küçələrində hələ bir neçə gün 'seçki saxtakarlığı' bəhanəsi ilə xaos yaratmağa, dövlət binalarına basqınlar təşkil etməyə cəhd göstərəcək. Lakin Paşinyanın xalqdan aldığı mütləq legitimlik mandatı və Qərbin kəşfiyyat dəstəyi Kremlin bu son qanlı çırpıntılarını da qətiyyətlə zərərsizləşdirəcək, regionumuzu tam mənada Rusiyasız bir sülh erasına daşıyacaq".
Tunar,










