Ermənistanda seçki dramı: Paşinyan qalib gəlsə də, təkbaşına hökumət qura bilməyəcək

Ermənistanda seçki dramı: Paşinyan qalib gəlsə də, təkbaşına hökumət qura bilməyəcək

Ermənistanda keçirilən parlament seçkilərində səslərin 100%-nin hesablanmasından sonra Mərkəzi Seçki Komissiyası (MSK) ilkin rəsmi nəticələri açıqlayıb. Seçkilərin yekun mənzərəsi ölkədə ciddi bir siyasi qeyri-müəyyənliyin və yeni koalisiya böhranının qapıda olduğunu göstərir.

Baş nazir Nikol Paşinyanın partiyası seçkilərdə liderliyi qorusa da, gözlənilən mütləq üstünlüyü əldə edə bilməyib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan MSK-nın ilkin məlumatlarına əsasən, ölkə parlamenti — Milli Məclisə cəmi üç siyasi qüvvə daxil ola bilib. Səslərin yekun paylanması aşağıdakı kimidir:

“Mülki Müqavilə” Partiyası (Nikol Paşinyan) – 49,81%

“Güclü Ermənistan” Bloku (Milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi rusiyayönümlü blok) – 23,33%

“Ermənistan” Bloku (Eks-prezident Robert Koçaryan) – 9,85%

Nikol Paşinyan artıq sosial şəbəkə hesablarında özünün olduqca gümrah, məmnun və xoşbəxt görüntülərini əks etdirən videoçarx paylaşsa da, seçkinin hüquqi tərəfində onun üçün ciddi bir maneə yaranıb.

Əsas nüans: Paşinyan təkbaşına hökumət qura bilərmi?

Ermənistanın milli qanunvericiliyinin özünəməxsus spesifikası səbəbindən 49,81% səs toplayan Paşinyanın təkbaşına idarəedici çoxluğu və hökuməti formalaşdıracağı hələ də sual altındadır. Ermənistan qanunlarına görə parlamentdə çoxluğun təmin edilməsi qaydası belə tənzimlənir:

"Sabit çoxluq" mexanizmi: Əgər seçkilərdə iştirak edən siyasi qüvvələrdən biri deputat mandatlarının 50%-dən çoxunu, lakin 52%-dən azını qazanarsa, ona 52%-lik barajı keçmək üçün avtomatik olaraq əlavə (bonus) mandatlar verilir. Məsələn, hər hansı partiya mandatların 50,7%-ni götürərsə, MSK əlavə mandatlar paylayaraq onun təmsilçiliyini 52%-ə çatdırır və həmin partiya təkbaşına hökumət qurur. Lakin Paşinyanın partiyası bu seçkidə 50% sərhədini keçə bilməyib (49,81%).

Heç bir qüvvə çoxluq qazanmadıqda nə baş verir?

Mövcud mənzərədə Ermənistan qanunvericiliyinə əsasən koalisiya prosesi və ya ikinci tur ssenarisi işə düşür:

Koalisiya danışıqları: Çoxluq təmin olunmadıqda parlamentə daxil olan siyasi qüvvələrə koalisiya hökuməti qurmaq üçün qanunla konkret müddət tanınır. Siyasi partiyaların ortaq məxrəcə gəlməsi üçün cəmi 9 gün vaxtı var. Əgər bu 9 gün ərzində hökumət koalisiyası formalaşdırıla bilməsə, seçkilərin ikinci mərhələsi elan olunur.

İkinci tur ssenarisi: Seçkilərin ikinci turu birinci turdan tam 35 gün sonra keçirilir. Bu turda yalnız birinci mərhələdə ən çox səs toplamış ilk iki siyasi qüvvə (bu halda Paşinyanın "Mülki Müqavilə"si və Karapetyanın "Güclü Ermənistan" bloku) mübarizə aparır. İkinci turda qalib gələn tərəf parlamentdə 52%-lik yer təmin etmək və sabit çoxluq formalaşdırmaq üçün tələb olunan bütün əlavə mandatları avtomatik olaraq əldə edir.

Ermənistandakı bu seçki nəticələri yaxın günlərdə İrəvanda gərgin siyasi sövdələşmələrin və ya uzunmüddətli növbəti seçki marafonunun yaşanacağından xəbər verir.

Əli Səfərli,
NOCOMMENT.az