İstanbuldakı mütəşəkkil dəstəyə qarşı keçirilən genişmiqyaslı "Forex" əməliyyatının yeni təfərrüatları üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, "Sabah" qəzetinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ifşa edilən transmilli fırıldaqçılıq şəbəkəsinin əsasən Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf aldığı müəyyənləşdirilib.

Ticarət mərkəzlərinin birində sadəcə pərdəarxası olaraq "Vend Teknoloji" adı altında çağrı mərkəzi kimi qələmə verilən bu qruplaşmanın rəsmi hesablarına hər gün təxminən 1 milyon dollar məbləğində qanunsuz vəsaitin axdığı məlum olub. Rəhbər şəxslərin telefonlarında saysız-hesabsız fərqli istifadəçi profilləri aşkarlanıb və əldə olunan çirkli pulların Türkiyə daxilində aktiv şəkildə yuyulduğu təsdiq edilib.

Aparılan reydlər nəticəsində aralarında üç Azərbaycan, bir Qırğızıstan, bir Özbəkistan, bir Cənubi Koreya və bir Yaponiya vətəndaşı olmaqla ümumilikdə 56 nəfər saxlanılaraq nəzarətə götürülüb.
Hazırda istintaq orqanları tərəfindən dəstə üzvlərinə qarşı külli miqdarda dələduzluq, kapital bazarı qanunvericiliyinin pozulması, mütəşəkkil cinayətkar birliyin yaradılması və cinayət yolu ilə əldə edilən aktivlərin leqallaşdırılması ittihamları ilə hərtərəfli araşdırmalar davam etdirilir.
Sara,
NOCOMMENT.az










