Aybəniz Haşımovadan sarsıdıcı etiraf: “Bəzi sevgilər bitmir...”

Aybəniz Haşımovadan sarsıdıcı etiraf: “Bəzi sevgilər bitmir...”

“Niyə vaxtında sənin dəyərini, qədrini bilmədim, ay qız? Harda qaldı o əllə çəkilmiş kimi incə qaşların? İçi kədərlə dolsa da, sevgidən işıq saçan gözlərin? Harda soldurdun Gəncə laləsinə bənzər yanaqlarını? Hansı vaxt, hansı dərd bal süzülən nəğməli dodaqlarını buza döndərdi? İndi səni qəlbimdə min dəfə səsləyirəm. Amma sən məni eşitmirsən Allaha yalvarıram, sanki dualarım da yolunu itirib sənə çata bilmir. Səni çox axtarıram, amma heç yerdə tapa bilmirəm. Məndən küsdüyünü bilirəm. Həm də çox pis küsmüsən. Ona görə nə qədər səni çağırsam da, artıq geri dönmürsən. Çünki sənə gələn bütün körpülərimi öz əllərimlə yandırmışam”.

NOCOMMENT.az xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımova özü barədə yazıb.

O, sosial media hesabında gənclik fotosunu fotoşop edərək paylaşıb:

“İndi isə hər şəklinə baxdıqca gözlərim yanır, qəlbim parça-parça olur. Səsini xatırladıqca ruhuma soyuq çökür. “Nə gəlməz oldun?” - deyə pıçıldayıram. “Biri sənsən, biri mən...” - deyirəm. Amma sən harayıma da, səsimə də cavab vermirsən. Bəzən sənə, sənli illərimə qayıtmaq üçün hər şeydən keçmək istəyirəm. Amma yenə də dönüb itirdiyim sevgimin xarabalığında, xəcil bir durna kimi çırpına-çırpına qalıram. Bir gün o yollar da səni məndən ayırdığına görə çox ağlayacaq. Çünki o yollar da, Allah da hər şeyin şahidi idi. Və o yolların özü də mənim kimi sənsizlikdən öləcək.

Əlvida, Arazın o tayından mənə baxan qız. Daha səni səsləməyəcəyəm. Nə sənə yazacağam, nə də yolunu gözləyəcəyəm. Çünki anladım ki, sən məni özünlə aparmayacaqsan. Əgər aparacaqdınsa, çoxdan göndərməzdin. Olsun. Mən sənsiz qalanda da ayaqda dura bildimsə, demək bundan böyük dağlara da sinə gərə bilərəm. Amma hərdən kövrəlib səni xatırlasam, gözlərim dolsa, ürəyim sızlasa məndən incimə. Çünki bəzi sevgilər bitmir, sadəcə, susur...” /musavat.com/