Onlar bizə meydan oxuyurlar?backend

Onlar bizə meydan oxuyurlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq Prezidenti Serj Sarkisyan Rusiya mətbuatına açıqlamasında bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan Azərbaycan ordusuna qalib gələ bilərdi. O deyib ki, müharibə başlayarsa, bu dəfə də qalib gəlmək olar: “Əgər Ermənistanın mövcud hakimiyyəti ordunu gözdən salmasa, şəxsi heyətdə təmizləmə aparmasa, təcrübəli komandirləri oradan konformistlərlə əvəz etməsə, ordunu bu qədər vasvası idarə etməsə və yalan vədlər verməsə…”

Ekspertlər hesab edirlər ki, Sarkisyanın son açıqlaması təsadüfi deyil. Onların qənaətinə görə, keçmiş Ermənistan Prezidenti öz sözünü demir və vaxtilə sələfi olmuş Robert Köçəryanla birlikdə təlimatla danışırlar.

NOCOMMENT xəbər verir ki, Azərbaycan Milli Məclisinin üzvü Pərvin Kərimzadə AYNA-ya açıqlamasında deyib ki, Sarkisyanın rəhbərliyi dövründə Ermənistan dərin böhrana yuvarlanıb: “Bu adamı Ermənistanda qəbul etmirlər. Nə onu, nə də ondan qabaq Ermənistana rəhbərlik etmiş Robert Köçəryanı. Hər ikisi “Qarabağ klanı” adlandırılan şərti qruplaşmaya aiddir və işğalçılıq siyasətini dövlət idarəçiliyinə gətiriblər. Bunun nəticəsində Ermənistanın iqtisadiyyatı çöküb. Əhali müflis həddinə gətirilib. Bütün regional iqtisadi layihələrdən kənada qalıblar. Ermənilər ölkədə olan sosial-iqtisadi problemlər üzündən kütləvi şəkildə mühacirət ediblər. Sarkisyan yox, bu ölkənin başında kim olursa-olsun, Azərbaycan Ordusuna qalib gələ bilməzdi”.

Deputatın sözlərinə görə, son seçkilər Ermənistan ictimaiyyətinin açıq mövqeyini ortaya qoydu: “Ermənilər nə Köçəryana, nə də Sarkisyana etimad göstərdilər. Hər ikisi seçkilərdə məğlub oldu. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi zəfər əldə etdi. Son seçkilərdə ermənilər məğlub dövlətin başçısına səs verdilər. Çünki artıq müharibə istəmirlər. İşğalçılıq siyasətindən imtina tələb edirlər”.

“Köçəryan, Sarkisyan və digər bu qəbildən olan siyasətçilər hər vəchlə yenidən meydana çıxmağa çalışırlar. Aldıqları təlimat üzrə təxribatçı açıqlamalar verirlər. Sifarişin hardan gəldiyi də məlumdur”, – deyə həmsöhbətimiz vurğulayıb.

Kərimzadə əlavə edib ki, Sarkisyan ənənəvi ampluasındadır və Ermənistan ictimaiyyətini aldatmağa çalışır: “Regiona sülh gəlməlidir. Nəqliyyat və infrastruktur qovşaqları işə düşməlidir. Ermənistan sülhə məcbur ediləcək. İstəsələr də, istəməsələr də, buna gedəcəklər. Sarkisyan hansı ordu ilə bizə meydan oxuyur?! Onun danışdıqları tam cəfəngiyyatdır”.

Politoloq Qabil Hüseynli də deyib ki, Sarkisyan aranı qatmağa və “bulanıq suda balıq tutmağa” çalışır: “Sarkisyan və Köçəryan idarəçiliyi müstəqil Ermənistan tarixinin ən rüsvayçı dövrü olub. Ölkə başdan-ayağa rüşvətin, korrpusiyanın oylağına çevrilib. Vətəndaşların elementar hüquqları pozulub. İşğalçılıq siyasəti pik həddə çatıb. “Böyük Ermənistan” nağılları ilə əhali uzun müddət aldadılıb. Nəticədə erməni xalqı Sarkisyanı devirdi”.

“Son seçkilərdə də nə ona, nə də sələfi Köçəryana səs verdi əhali. Onların bu gün Ermənistan siyasətində rolları yoxdur. Sadəcə sifariş icra edirlər və aldıqları təlimatlar üzrə açıqlamalar verirlər. Bunu etməsələr, törətdikləri əməllərə görə həbsləri qaçılmaz olacaq. Onları qoruyan qüvvələrin tapşırıqlarını icra etməyə məhkumdurlar”, – deyə ekspert söyləyib.

Politoloqun dediyinə görə, Ermənistan Azərbaycanla yenidən müharibə aparmaq iqtidarında deyil: “Buna nə onların hərbi, nə də iqtisadi gücü var. 44 günlük Vətən müharibəsində onların bütün əzmi qırılıb. Müharibə bəyanatları boğazdan yuxarı deyilmiş fikirlərdir. Onlar həmişə belə ediblər. Görsələr ki, real müharibə təhlükəsi yaranıb, “dəmir yumruq” yenidən başlarına dəyə bilər, dərhal geri addım atacaqlar”.

“Bu mənada onların açıqlamasına ciddi yanaşmaq lazım deyil. Göründüyü kimi, yenə erməni xalqını təxribata çəkirlər. Lakin arzuları gözlərində qalacaq. Ermənistan yekunda sülh sazişi imzalamağa məcbur olacaq. Zatən, başqa seçimləri də yoxdur”, – deyə Hüseynli fikrini yekunlaşdırıb.