Belçikada Avropa Parlamentində (AP) korrupsiya və rüşvətlə bağlı aparılan istintaqda saxlanılan AP əməkdaşı Françesko Giorgi parlamentin qərarlarına təsirini təmin etmək üçün başqa ölkələrdən rüşvət alan bir təşkilatın üzvü olduğunu açıqlayıb.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan AP-nin keçmiş vitse-spikeri Yeva Kaylinin sevgilisi Giorginin polisə və istintaqı aparan hakimə verdiyi ifadələrlə bağlı məlumat yayıb.
İtalyan Françesko Giorgi Mərakeş və Qətərdən pul və qiymətli hədiyyələr alan bir təşkilatın üzvü olduğunu, bunun müqabilində Avropa Parlamentində qərarlara təsir göstərməyə çalışdığını deyib.
Təşkilatın rəhbərinin AP-nin keçmiş italiyan deputatı Pyer Antonio Panzeri olduğunu iddia edən Giorgi təşkilatdakı vəzifəsinin “pul axınını idarə etmək” olduğunu bildirib.
Giorgi həmçinin deyib ki, iki avropalı deputat – italiyalı sosialist Andrea Kozzolino və belçikalı Mark Tarabella Panzeridən pul alıb.
Polis ötən həftə AP sədri Roberta Metsolanın müşayiəti ilə Tarabellanın evində axtarış aparıb. Amma istintaqda saxlanılan 4 nəfər arasında Tarabella yoxdur.
Eyni istintaqda, saxlanılan Yeva Kaylinin ortağı olan Giorginin ifadəsində onun adını çəkib-çəkmədiyi qeyd edilməyib.












