Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması indiyədək bu səpkidə baş vermis iki müdhiş hadisəni xatırlatdı.
Bunlardan biri 2019-cu il iyul ayının 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin Xəzər üzərində, digəri isə 2010-cu il 10 aprel tarixində Polşa Hərbi Hava Qüvvələrinə məxsus T-154M təyyarəsinin Rusiya ərazisində qəzaya uğraması ilə əlaqədardır.
Birinci hadisə zamanı 2001-ci ildən pilot kimi fəaliyyət göstərən, Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biri olan, qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev idi.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edən Rəşad Atakişiyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda səmada bacarıqlarını göstərmişdi.

Amma səmada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gələn peşəkar pilotumuzun idarə etdiyi təyyarə ilə qəflətən rabitə əlaqəsi kəsildi və təyyarə radarlardan itdi. Onun nəşi Xəzər dənizinə düşmüş təyyarənin içindən avqustun 20-də tapıldı.
15 il öncə Varşava-Smolensk marşrutu ilə uçan və göyərtəsində ölkə prezidentinin başçılıq etdiyi nümayəndə heyətini daşıyan Polşa təyyarəsi Smolensk-Severnı hava limanına yaxınlaşarkən müəmmalı şəkildə qəzaya uğradı. O vaxt təyyarədə olan 96 nəfərin hamısı – 88 sərnişin və 8 ekipaj üzvü həlak oldu. Onların arasında Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinska, eləcə də Polşanın tanınmış siyasətçiləri, demək olar ki, bütün yüksək rütbəli hərbi komandanlar, ictimai və din xadimləri vardı. Onlar Karın qətliamının 70 illiyi ilə bağlı anım tədbirlərində iştirak etmək üçün Polşa nümayəndə heyətinin tərkibində şəxsi səfərlə Rusiyaya uçurdular.
Rusiya tərəfi bu qəzanı dumana və ekipajın səhvinə bağlasa da, Polşada bu rəylə indiyədək razılaşmırlar. Sonradan Polşa Milli Müdafiə Nazirliyinin apardığı araşdırmaya görə, qəzaya təyyarənin içərisində qəsdən törədilən partlayışlar səbəb olduğu qənaətinə gəlmişdi. İstintaq təsdiq etdi ki, təyyarənin təmiri Rusiya kəşfiyyat xidmətlərinin nəzarəti altında həyata keçirildiyindən bu, partlayıcı qurğunun yerləşdirilməsinə imkan verib. Polşa Seymi sonradan qəzaya görə məsuliyyəti Rusiyanın üzərinə qoymuşdu.
Müstəqil ekspertlər isə təyyarənin xüsusi avadanlıqla bilərəkdən sıradan çıxarıldığını istisna etməmişdilər. Çünki Lex Kaçinski Rusiyanın beynəlxalq hüquq normalarına zidd hərəkətlərini cəsarətlə tənqid edən siyasətçilərdən biri idi. O, qəzadan iki il öncə – 2008-ci ilin avqustunda Gürcüstana müharibə elan edən Rusiyanın təcavüzünü pisləmişdi və hətta avropalı liderləri bir araya toplayaraq həmin ağır günlərdə Tiflisə səfər etməklə Gürcüstan hakimiyyətini dəstəkləmişdi.

Rusiya tərəfi nə qədər inkar etsə də, azərbaycanlı ekspertlər də Aprel döyüşlərinin qəhrəmanı və hərbi paradın təcrübəli şahini Rəşad Atakişiyevin idarə etdiyi təyyarənin məhz şimal qonşumuz tərəfindən sıradan çıxarıldığı versiyasına üstünlük verirlər.
Bu il noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Azərbaycanda möhtəşəm hərbi paradın keçirilməsi, irimiqyaslı tədbirdə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı düşmənlərimizi, çox yəqin ki, şimal qonşumuzu da çox pərişan etmişdi. Bunu onların çaşqın və susqun halları da nümayiş etdirirdi.
Və bu hadisədən 3 gün sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin məhz Azərbaycandan Türkiyəyə dönərkən Gürcüstan ərazisi üzərində qəzaya uğraması çoxlu sayda suallar doğurur.
KİV-in yazdığına görə, təyyarənin ekipajı noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyə F-16 təyyarələrinə texniki dəstək göstərən şəxslərdən ibarət olub. Təyyarəyə minməkdən əvvəl onlar hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq bütün prosedurlardan və yoxlamalardan keçiblər. Bu proses hava limanının müşahidə kameraları tərəfindən də qeydə alınıb.
Təyyarə noyabrın 11-də Gəncə hava limanına enib və 2 saat orada gözləyib. Həmin müddət ərzində ekipaj təyyarəni və hava limanının ərazisini tərk etməyib.
Mənbənin sözlərinə görə, “təyyarədə heç bir partlayıcı və ya qurğu olmayıb, yalnız F-16 təyyarələri üçün ehtiyat hissələri olub”.
Qəzaya uğrayan təyyarə uzun müddət xidmətdə olub. Onun sonuncu əsaslı təmiri 2020-ci ildə aparılıb. İlkin müşahidələrə görə, gövdə xarici təsir əlamətləri göstərmir. Bu isə onun vurulma ehtimalını istisna edir. “Təyyarənin içərisində partlayıcı qurğunun olmasını və onun partlamasını fərz etsək belə, qəzaya uğramış təyyarənin gövdəsində partlayış izlərinin olacağı şübhəsizdir”, – deyə mənbə bildirib.
Gürcüstan tərəfinin məlumatına görə, təyyarənin ekipajı təcili çağrıda bulunmayıb.
Gürcüstan mediası hesab edir ki, iki mümkün nəzəriyyəyə diqqət yetirmək olar:
təyyarə uzun müddət istismarda olduğundan onun gövdəsində korroziya yarana bilərdi ki, bu da yüksək hava təzyiqi altında təyyarənin qəzaya uğraması üçün ciddi səbəbdir. 1990-cı illərdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.
İkincisi, yük təyyarələrində daşınan yüklər müvafiq tələblərə uyğun olaraq etibarlı şəkildə bərkidilməlidir: bu tələbin yerinə yetirilməməsi turbulentlik və ya digər təsirlər nəticəsində yükün yerdəyişməsinə və içəridə ciddi fəsadların yaranmasına səbəb olacaq ki, bu da qəza üçün kifayət qədər səbəbdir.
“C-130” hərbi təyyarəsi Azərbaycanla sərhədin 5 kilometrliyində, Siqnaxi bələdiyyəsinin ərazisində qəzaya uğrayıb. Gəncə Hava Limanından havaya qalxan təyyarə təxminən 8 km yüksəklikdə uçarkən enməyə başlayıb.
Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin insan tələfatı ilə nəticələnən hava hərəkəti təhlükəsizliyi və ya hava nəqliyyatının istismarı qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır.
Xatirə SADİQ












