Dünya yeni virusun əsarətində - Azərbaycan da təhlükədə?

Dünya yeni virusun əsarətində - Azərbaycan da təhlükədə?

Dünyanın müxtəlif nöqtələrində, xüsusən də uzaq Şərqdə və transatlantik gəmi reyslərində hantavirusun ölümcül izləri görünməyə başladıqca, haqlı bir sual gündəmə gəlir: bu təhlükənin Azərbaycan üçün risk dərəcəsi nə qədərdir? Qlobal ticarət yollarının kəsişməsində yerləşən və aktiv tranzit mərkəzinə çevrilən ölkəmiz üçün bu cür epidemioloji xəbərlər sadəcə xarici xronika deyil, həm də profilaktik sayıqlıq tələb edən bir siqnaldır.

Hantavirusun əsasən gəmiricilər vasitəsilə, lakin heç bir sərhəd tanımayan beynəlxalq yükdaşımalar və gəmi nəqliyyatı ilə yayıldığını nəzərə alsaq, ölkənin sanitar-epidemioloji nəzarət sistemlərinin üzərinə böyük məsuliyyət düşür. Bu virusun özünəməxsus təbiəti ondan ibarətdir ki, o, insandan insana keçməsə də, gəmiricilərin olduğu hər bir mühitdə, xüsusən də beynəlxalq limanlarda və iri logistik mərkəzlərdə gizli təhlükə mənbəyinə çevrilə bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla qeyd edib ki, Azərbaycan coğrafiyası və mövcud ekoloji mühit hantavirusun potensial yayılma areallarından kənarda deyil: "Azərbaycanda bu virusun müxtəlif ştammlarının daşıyıcısı ola biləcək gəmirici növləri mövcuddur. Xüsusilə çöl siçanları və digər vəhşi gəmiricilər bu virusun təbii rezervuarı rolunu oynaya bilər. Bu o deməkdir ki, hantavirus təhlükəsi bizim üçün sıfıra bərabər deyil və hər zaman regional bir risk olaraq qalmaqdadır".

Onun sözlərinə görə, ölkəmizdə bu virusa qarşı müdafiə mexanizmlərini gücləndirmək üçün həm fərdi, həm də dövlət səviyyəsində tədbirlər mütləqdir: "Hantavirusun ölkəmizə idxal olunma ehtimalı beynəlxalq yüklər, xüsusən də taxıl və digər kənd təsərrüfatı məhsulları ilə mümkündür. Buna görə də, gömrük-keçid məntəqələrində gəmiricilərə qarşı deratizasiya tədbirlərinin sərtləşdirilməsi çox vacibdir. Eyni zamanda, vətəndaşlarımız xüsusilə kənd təsərrüfatı işləri zamanı, anbarlarda və ya zirzəmilərdə təmizlik apararkən toz maskalarından istifadə etməli, gəmiricilərlə birbaşa təmasdan qaçmalıdırlar. Unutmaq olmaz ki, erkən diaqnostika və profilaktika Azərbaycanın bu qlobal təhlükədən sığortalanması üçün yeganə çıxış yoludur".