Avstraliyanın yüksək mühafizə olunan elmi-tədqiqat laboratoriyalarının birində dünya səhiyyə sistemini və təhlükəsizlik rəsmilərini ayağa qaldıran müəmmalı bir hadisə baş verib. Fox News-un yaydığı məlumata görə, insan sağlamlığı üçün son dərəcə ölümcül hesab edilən hantavirus nümunələri laboratoriyadan sirli şəkildə yoxa çıxıb. Hadisənin ən qorxulu tərəfi isə bu itkinin baş vermə müddəti və aşkar edilmə vaxtı ilə bağlıdır.
NOCOMMENT.az xəbər verir ki, araşdırmalar nəticəsində ölümcül virus nümunələrinin hələ beş il əvvəl itiyi məlum olub. Lakin laboratoriya rəhbərliyi və məsul şəxslər bu böyük boşluğu dərhal fərq etməyiblər; nümunələrin yoxa çıxması hadisədən yalnız iki il keçdikdən sonra aşkar edilib. Ötən beş il ərzində aparılan gizli və aşkar axtarışlara, genişmiqyaslı daxili təhqiqatlara baxmayaraq, virusun izinə rast gəlmək mümkün olmayıb. Nümunələrin kim tərəfindən götürüldüyü və ya hara yoxa çıxdığı hələ də naməlum qalmaqdadır.
Hantaviruslar gəmiricilər vasitəsilə ötürülən və insanlarda kəskin tənəffüs çatışmazlığı, ağır böyrək zədələnmələri və daxili qanaxmalara səbəb olan təhlükəli patogenlər qrupuna aiddir. Bu virusun müalicəsinin çətinliyi və yüksək ölüm riski onu potensial bioloji təhlükə obyektinə çevirir. Ekspertlər laboratoriya təhlükəsizliyində yol verilən bu ağlasığmaz səhlənkarlığın bioloji terrorizm və ya qlobal epidemiya riskini artırdığını vurğulayırlar. Hazırda hadisənin qəsdən törədilmiş bir oğurluq, yoxsa daxili idarəetmə xətası olduğu barədə araşdırmalar beynəlxalq səviyyədə davam etdirilir.
Sara,








