Yaxın Şərqdə illərdir davam edən geosiyasi gərginlik və hərbi qarşıdurma riski fonunda Vaşinqton və Tehran arasında gözlənilməz diplomatik irəliləyiş barədə sensasion məlumatlar yayılıb. Uzun müddətdir dalana dirənən və hər an genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı olan ABŞ-İran münasibətlərində yeni bir səhifənin açılması gündəmdədir. Əldə edilən son məlumatlara görə, tərəflər regionda hərbi eskalasiyanı tamamilə dayandıracaq və yeni regional təhlükəsizlik arxitekturasının əsasını qoyacaq genişmiqyaslı bir müqavilənin astanasındadırlar. Bu prosesdə ən diqqətçəkən məqam isə tərəflər arasında birbaşa dialoqun deyil, regionun nüvə gücü olan mühüm dövlətlərindən birinin vasitəçiliyi ilə gizli danışıqların aparılmasıdır.
Məsələnin pərdəarxası və gələcək perspektivləri ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, prosesin builki mərhələsi kifayət qədər ciddi maslahətləşmələrə əsaslanır: "ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə yeni saziş bağlanması mümkün ola bilər. Bu saziş İranın kapitulyasiyası demək deyil. ABŞ-la İran arasında eyni statusda müqavilə bağlanması mümkündür. Bu müqavilədə məğlub və qalib tərəf olmayacaq. Tərəflər tam atəşkəsə gedir, Hörmüz boğazında müştərək monitorinq tətbiq edilir. İrana qarşı tətbiq edilən bir sıra ağır iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılır".
Ekspertin sözlərinə görə, bu saziş sadəcə kağız üzərində bir sənəd olmayacaq, regiondakı hərbi gərginliyi sıfırlamağa yönəlmiş fundamental addımdır: "Tərəflər arasında tam atəşkəs və hücum etməmək razılığı əldə edilir. Növbəti mərhələdə daha fundamental məsələlər ətrafında geniş danışıqlar başlayır. Ənənəvi fars diplomatiyası Ağ Evi, xüsusən də Donald Tramp administrasiyasını kifayət qədər çətin və mürəkkəb vəziyyətlə üzləşdirib. Müharibə ritorikası dövründə ABŞ-ın birtərəfli diqtəsini və şərtlərini qəbul etməyən İran, indi danışıqlar masasında öz mövqeyini maksimum dərəcədə gücləndirməyi bacarır".
Politoloq qeyd edib ki, bu müqavilənin imzalanması regionun digər aparıcı oyunçuları, xüsusən də Vaşinqtonun ənənəvi müttəfiqləri üçün ciddi geosiyasi fəsadlar yarada bilər: "ABŞ İranla bu cür strateji və bərabərhüquqlu saziş bağlayarsa, bu, Yaxın Şərqdə xüsusilə Körfəz ölkələrini, regionun ərəb monarxiyalarını ciddi şəkildə sıxışdıracaq. Tehranın regionda nüfuz dairəsinin leqallaşması və sanksiyaların yumşaldılması ilə iqtisadiyyatının nəfəs alması, Körfəz ərəb dövlətlərinin təhlükəsizlik paradıqmasını yenidən nəzərdən keçirməsinə səbəb olacaq".
Tunar,












