ABŞ-dan Bakı və İrəvana son mesaj: Bunu etməsəniz, o zaman...

ABŞ-dan Bakı və İrəvana son mesaj: Bunu etməsəniz, o zaman...

ABŞ-nin Cənubi Qafqaz regionuna yönəlik xarici siyasət kursunda dinamika kəskin şəkildə artmaqdadır və Vaşinqton rəsmi Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması üçün son hazırlıq mərhələsinə start verib. Bu kontekstdə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Azərbaycana reallaşan və iyunun 3-dək davam edən rəsmi səfəri müstəsna əhəmiyyət kəsb edir. Ağ Evin bu yüksək rütbəli diplomatik gedişi birbaşa Prezident Donald Tramp administrasiyasının Cənubi Qafqaza regional maraqlarının pik həddə çatmasının bariz göstəricisidir.

Təsadüfi deyil ki, ABŞ-nin Dövlət katibi Marko Rubionun mayın 27-də Ermənistana etdiyi strateji səfərdən dərhal sonra öz köməkçisini Bakıya göndərməsi Vaşinqtonun regionda balansı qorumaq və geoiqtisadi potensialı tam nəzarətə götürmək niyyətindən xəbər verir. Azərbaycanla Ermənistan arasında delimitasiya və sülh mühitinin formalaşması regionda Trans-Xəzər və Orta Dəhliz kimi çoxşaxəli enerji və nəqliyyat-ticarət marşrutlarının təhlükəsizliyi üçün yeni pəncərə açıb. Eyni zamanda, ABŞ lideri Donald Trampın “Bakı Enerji Həftəsi” iştirakçılarına ünvanladığı rəsmi məktubda Bakı ilə İrəvan arasında məhz iyunda sülh danışıqlarının növbəti raundunu səbirsizliklə gözlədiyini xüsusi vurğulaması Vaşinqtonun Ermənistandakı 7 iyun taleyüklü seçkilərindən dərhal sonranı hədəf seçdiyini və Cənubi Qafqazda Kremlin mövqelərini tamamilə sıradan çıxarmaq üçün hərəkətə keçdiyini sübut edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Qabil Hüseynli qeyd edib ki, Ağ Evin xarici siyasət idarəsinin rəhbəri Marko Rubionun İrəvan səfərinin ardınca Kaleb Orrun Bakıda mühüm enerji və logistika müzakirələri aparması ABŞ-nin regiona böyük kapital və siyasi təhlükəsizlik paketi ilə daxil olduğunu göstərir: "Donald Tramp administrasiyası ilk dövrlərdə Cənubi Qafqaza bir qədər məsafəli görünsə də, hazırda regional reallıqları və xüsusən də Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki əvəzsiz rolunu tam qəbul edib. Kaleb Orrun Bakı səfəri ABŞ-nin Azərbaycan üzərindən yeni logistik və strateji infrastrukturlar qurmaq istəyinin rəsmi təsdiqidir. Trampın Bakı Enerji Həftəsinə göndərdiyi məktubdakı sülh mesajı və iyul ayına deyil, məhz iyuna işarə etməsi göstərir ki, Vaşinqton Ermənistandakı 7 iyun seçkilərində Paşinyanın qələbə qazanacağına əmindir. ABŞ Ermənistandakı seçkilərdən dərhal sonra, Rusiya hələ özünə gəlməmiş Bakı və İrəvanı vahid sülh masasına oturdub tarixi sənədi imzalatmağa tələsir".

Professorun sözlərinə görə, Vaşinqtonun bu sürətli diplomatik hücumu qarşısında rəsmi Moskvanın Cənubi Qafqazda vəziyyəti öz xeyrinə dəyişmək üçün effektiv kontur-planları demək olar ki, tükənib: "Rusiya bu günə qədər Ermənistandakı revanşist müxalifət və iqtisadi təzyiq rıçaqları ilə sülh prosesini pozmağa çalışırdı. Lakin Ermənistanda Paşinyanın reytinqinin 65 faizə yüksəlməsi Kremlin daxili rıçaqlarını iflasa uğratdı. İndi ABŞ regiona həm də böyük investorların cəlb edilməsi qarantı kimi daxil olur ki, bu da tərəflər, xüsusən iqtisadi blokadada boğulan İrəvan üçün çox cəlbedicidir. Moskva təbii ki, gərginliyi artırmaq, sərhəddə müəyyən təxribatlar törətmək imkanına malikdir, lakin ABŞ və Türkiyənin regiondakı ortaq geopolitik iradəsi Rusiyanın Cənubi Qafqazı yenidən xaosa sürükləmək planlarının qarşısında keçilməz bir sədd qurub. İyun ayı regionumuz üçün sülhün hüquqi təməlinin qoyulduğu tarixi bir dövr olacaq".

Tunar,
NOCOMMENT.az