ABŞ-ın yeni taktikası: Ukrayna bu oyundan çıxa biləcəkmi? – DETALLAR

ABŞ-ın yeni taktikası: Ukrayna bu oyundan çıxa biləcəkmi? – DETALLAR

“ABŞ-ın dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun danışıqlarda iştirakı Rusiyanın Ukrayna ilə müharibəsinə dair sülh prosesinin siyasi çəkisini xeyli artırır”.

Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, Trampın hakimiyyətə gəldiyi gündən əsas hədəflərindən biri Rusiya–Ukrayna müharibəsini dayandırmaq və bununla da qlobal siyasi liderliyini nümayiş etdirməkdir: “Eyni zamanda Tramp bu təşəbbüsü ilə Nobel sülh mükafatı əldə etməyə də iddialıdır”.

Abbaslı qeyd edib ki, Tramp münaqişəyə biznes təfəkkürü ilə yanaşır və düşünür ki, elə bir təklif irəli sürəcək ki, tərəflərin ondan imtina etməsi mümkün olmayacaq:

“Vaşinqton bu prosesdə “zəif tərəf” kimi Ukraynanı görür və Kiyevə təzyiqləri artıracağı ehtimal olunur, çünki Ukrayna maliyyə və hərbi baxımdan Qərbdən asılı vəziyyətdədir.

Ağ Partiya sədrinin sözlərinə görə, Tramp üçün sülh müqaviləsində kimin hansı güzəşti edəcəyi vacib deyil:

“Onun əsas məqsədi qısa müddətdə razılaşma əldə etmək və bu prosesdə adını tarixə yazdırmaqdır. Tramp bu məsələlərdə peşəkar deyil. O, sadəcə nəticə istəyir. Rubio və Uitkoff detalları bilsələr də, prosesə yön verən Trampdır. Hansı vəzifə qoyulsa, onlar icra edəcəklər”.

Tural Abbaslı əlavə edib ki, Avropa ölkələrinin siyasətçiləri artıq Trampa məktublar ünvanlayaraq Ukraynanın maraqlarının Rusiyaya “xərclənməməsi” üçün çağırış edirlər:

“Amma bu yanaşma Ukraynaya əsl dəstək deyil, sadəcə Avropanın Rusiyanın daha da zəifləməsinə olan marağından irəli gəlir”.

Nəticə olaraq, Abbaslı hesab edir ki, ABŞ Ukraynaya təzyiqləri artıracaq və hazırkı gedişat Kiyev üçün əlverişli görünmür.

Aynurə İsmayıl