Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ və Rusiya tərəfindən hazırlanan yeni sülh planına razılıq verməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Bu qərarın Kiyevin gələcək siyasi kursuna, ölkədaxili balanslara və regiondakı geosiyasi nizamlamalara hansı təsirləri ola biləcəyi barədə müxtəlif yanaşmalar səslənir.
Bu barədə politoloq Məhəmməd Əsədullazadə NOCOMMENT.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, sülh planına razılıq Zelenskinin siyasi gələcəyinə də təsirsiz ötüşməyə bilər:
“Zelenskinin növbəti mərhələdə prezident seçilməsi sual altına düşür. Bundan başqa, Ukrayna bir sıra ərazilərini itirəcək. Bunun əvəzində ölkə müəyyən təhlükəsizlik zəmanətləri alacaq, Avropa və Qərb layihələri reallaşdırılacaq”.
Əsədullazadə qeyd edib ki, plan Rusiyanın bütün strateji hədəflərinə çatmasına imkan vermir:
“Rusiya burada strateji məqsədlərinə nail olmur, onu müəyyən mənada durdururlar. Amma digər tərəfdən, Ukraynanın gələcəkdə nüvə silahı potensialından tam məhrum edilməsi Kiyev üçün əlverişli hal deyil”.
Politoloqun fikrincə, hazırkı situasiyada Ukrayna həm qazanır, həm də itirir:
“Ümumi götürdükdə, bu prosesdə Ukraynanın 50 faiz itirdiyi, 50 faiz qazandığı söylənə bilər. Rusiya müharibəni davam etdirir, ABŞ isə Kiyevə kifayət qədər silah vermədi. Ukraynanın da öz resurs çatışmazlıqları mövcuddur. Amerikanın əsas məqsədi müharibəni dayandırmaqdır”.
Aynurə İsmayıl












