Azərbaycanda qadınların siyasi və inzibati sahələrdə iştirakı mövzusu hələ də aktuallığını qoruyur. Ölkədə qadınların yüksək dövlət vəzifələrində təmsil olunmaması, idarəçilik strukturlarında yetərincə görünməməsi uzun illərdir müzakirə predmetidir. Qadınların rəhbər vəzifələrdə təmsilçiliyi həm gender bərabərliyi, həm də ölkənin inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri və hüquq müdafiəçisi Novella Cəfəroğlu NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hələ də bircə qadın nazir və qadın icra başçısı yoxdur.
Onun sözlərinə görə, bələdiyyələrdə qadınların təmsilçiliyi təxminən 30 faiz təşkil edir.
“Lakin onların rəhbər mövqelərdə iştirakı çox aşağıdır. Bu isə qanunda nəzərdə tutulan gender bərabərliyi prinsiplərinə baxmayaraq, qadınların idarəçilikdə tam təmsil olunmamasının göstəricisidir.

Novella Cəfəroğlu vurğulayıb ki, Azərbaycanda çox savadlı və bacarıqlı qadınlar var.
“Milli Məclisdə qadınların sayı azdır, lakin onlar ictimai həyatın fəal iştirakçılarıdır, beynəlxalq platformalarda ölkəni yüksək səviyyədə təmsil edirlər.
Biz bu məsələni illərdir qaldırırıq. Parlamentdə aktiv işləyən qadınlar əsasən spiker, Ombudsman və Qadın Komitəsinin üzvləridir. Vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondundakı fəaliyyəti isə həm xaricdə, həm də Azərbaycanda qadınların təşəbbüslərinin görünməsinə böyük töhfə verir. Lakin ölkədə çox savadlı və işgüzar qadınlarımız var ki, nazir və icra başçısı vəzifələrini uğurla icra edə bilərlər. Bu, sadəcə qadınların səlahiyyətli vəzifələrdə təmsil olunmaması məsələsi deyil, həm də ölkədə gender bərabərliyinin təmin edilməsinin vacibliyini göstərir.” , – deyə Cəfəroğlu qeyd edib.
N.Cəfəroğlunun sözlərinə görə, qadınların idarəçilikdə və siyasətdə daha fəal iştirakı üçün dövlət səviyyəsində konkret addımlar atılmalı və qadın liderlərin təşviqi təmin edilməlidir.












