Dünyanın diqqət mərkəzində olmaq, qlobal gündəliyi müəyyənləşdirən humanitar, siyasi və ekoloji platformalara ev sahibliyi etmək artıq Bakı üçün bir ənənə, oturuşmuş beynəlxalq statusdur. Paytaxtımız yenə də bəşəriyyəti düşündürən ən aktual məsələlərdən birinin — müasir memarlıq, urbanizasiya və dayanıqlı inkişafın müzakirə edildiyi möhtəşəm bir arenaya çevrilib. Mayın 18-də Bakıda işə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcə iştirakçıların sayına və miqyasına görə deyil, həm də irəli sürülən ideyaların bəşəri fəlsəfəsinə görə tarixin ən yaddaqalan tədbirlərindən biri olacağını ilk gündən sübut etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan açılış mərasimi, dövlət başçısının proqram xarakterli, dərin məzmunlu çıxışı ölkəmizin bu sahədəki qətiyyətini, tarixi irsə bağlılığını və gələcəyə baxışını tam çılpaqlığı ilə ortaya qoydu. Bu prosesdə İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən strateji kurs şəhərlərimizin sadəcə vizual deyil, həm də konseptual və fəlsəfi baxımdan yenidən doğulmasının əsas hərəkətverici qüvvəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin çıxışındakı rəqəmlər və faktlar Azərbaycanın qlobal miqyasda qazandığı etimadın və dövlət başçısının şəxsi nüfuzunun ən bariz göstəricisidir. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının Bakıya toplaşması reallıqda rekord bir nəticədir. Bu, Bakının cəmi il yarım əvvəl ev sahibliyi etdiyi tarixi COP29 sammitindən sonra dünya miqyasında ikinci ən böyük beynəlxalq tədbirdir. Bu cür nəhəng miqyaslı platformaların ard-arda Azərbaycana həvalə edilməsi təsadüfi deyil; bu, ölkə rəhbərinin qlobal çağırışlara verdiyi praqmatik töhfələrə olan fundamental inamın məhsuludur. Dövlət başçısının da vurğuladığı kimi, Forumun nəticələrinin ən azı COP29 qədər uğurlu olacağına dair gözləntilər tamamilə əsaslıdır. Çünki Prezident İlham Əliyevin formalaşdırdığı inkişaf modeli sübut edir ki, Bakı sadəcə quru müzakirələrin aparıldığı bir salon deyil, o, canlı bir şəhərsalma laboratoriyası, keçmişlə gələcəyin harmoniyasını özündə yaşadan canlı bir orqanizmdir.
Azərbaycanın coğrafi və geosiyasi mövqeyi onun mədəniyyətində və memarlığında da öz dərin izlərini qoyub. Şərqlə Qərbin qovuşduğu bu unikal məkanda Bakı xüsusi bir yer tutur. Prezidentin çıxışında incəliklə təsvir etdiyi mənzərə əslində hər bir Bakı sakininin və paytaxtımıza gələn hər bir qonağın hər addımda hiss etdiyi reallıqdır. İçərişəhərin minillik qədim divarlarından çıxıb bircə küçə keçməklə tamamilə müasir, dinamik bir dünyaya qədəm qoymaq insanda qəribə bir zaman səyahəti hissi oyadır. Vaxtilə cəmi üç kilometr olan, bu gün ise 15 kilometrdən artıq məsafəyə uzanan dənizkənarı bulvar, XIX əsrdə Avropa memarları tərəfindən tikilmiş bənzərsiz binalar və nəhayət, müasir dövrün möhtəşəm göydələnləri... Bakı, tarixi irsin göz bəbəyi kimi qorunması ilə müasir şəhərsalma planlaşdırılmasının bir-birinə mane olmadan, əksinə, bir-birini tamamlayaraq ucalmasının ən mükəmməl nümunəsidir. Əcdadlarımızın istedadı və bu gün ölkə rəhbəri tərəfindən nümayiş etdirilən böyük dövlət iradəsi bu vəhdəti qoruyub saxlayan əsas qüvvədir.

Dövlət başçısının Sərəncamı ilə bu ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Prezident İlham Əliyevin bu sahəyə verdiyi strateji önəmin göstəricisidir. Azərbaycan bu gün bu nüfuzlu Foruma təkcə ev sahibi kimi deyil, həm də prosesin daxili fəlsəfəsini dərindən mənimsəmiş və onu milli səviyyədə tətbiq edən bir lider ölkə kimi qatılır. Azərbaycan 2022-ci ildən bəri BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx və məhsuldar tərəfdaşlıq edir. Bu tərəfdaşlığın ən unikal təzahürü isə dövlət başçısının birbaşa diqqəti sayəsində işğaldan azad edilmiş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən üç milli şəhərsalma forumudur. Bu gün isə bu yerli təcrübə və qlobal sadiqlik Bakıda Ümumdünya səviyyəsinə daşınır.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın zəngin memarlıq coğrafiyasına da ekskurs etdi. Şamaxının 743-cü ilə aid qədim məscidi, Naxçıvandakı Möminə xatun türbəsi, Nizami yurdu Gəncə, Qəbələ və Şəkinin qədim abidələri, Lahıcın 15 əsr əvvəl qurulmuş və bu gün də işləyən kanalizasiya sistemi... Bütün bunlar Azərbaycan xalqının oturaq şəhər mədəniyyətinə, mühəndislik düşüncəsinə hələ əsrlər öncə sahib olduğunun sübutudur. Bu gün sıfırdan yenidən qurulan, Qarabağın tacı olan Şuşanın qala divarlarının bərpası da dövlətimizin bu tarixi mirasın gələcək nəsillərə ötürülməsi missiyasının tərkib hissəsidir. Bu abidələr təkcə tarixin daşlaşmış yaddaşı deyil, onlar xalqımızın musiqisində, poeziyasında və ruhunda yaşayan milli kimlik kodlarıdır və İlham Əliyev bu kodların qorunmasını ali dövlət vəzifəsi olaraq qəbul edir.

Prezidentin çıxışında diqqət çəkən ən maraqlı və fəlsəfi müqayisələrdən biri şəhər inkişafı prosesinin Bakıdakı Formula 1 yarışı ilə müqayisə edilməsi oldu. Şəhər treklərində saatda 300 kilometrdən çox sürətlə hərəkət edən bolidlərin qədim qala divarlarından cəmi bir metr məsafədə, eni yeddi metr olan dar küçələrə sığışması üçün pilotlardan tələb olunan cəsarət və ehtiyatlılıq, əslində müasir rəhbərlərin, qərar qəbul edənlərin şəhərsalma siyasətinin düsturudur. Dövlət başçısının qeyd etdiyi kimi, biz müasirləşməkdə, insanlar üçün ən yaxşı şəraiti yaratmaqda cəsur olmalıyq, amma tarixi irsi, keçmişin ruhunu qoruyarkən bir o qədər ehtiyatlı, həssas davranmalıyıq. Bu balans pozulanda şəhərlər ruhunu itirir, sadəcə beton yığınlarına çevrilir. İlham Əliyevin idarəçilik düsturu isə bu balansı qorumaq üzərində qurulub.
Bu gün Azərbaycanın qarşısında dayanan ən böyük bəşəri və milli vəzifə 30 illik erməni işğalı dövründə yerlə-yeksan edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Beynəlxalq ekspertlərin Ağdamı atom bombası atılmış Xirosima ilə müqayisə etməsi acı bir həqiqətdir. Lakin bu dağıntı bir gündə deyil, 30 il ərzində şüurlu şəkildə, daş-daş sökülərək, vandallıqla törədilib. Prezident fəxrlə və böyük bir qətiyyətlə "Böyük Qayıdış" proqramının uğurlarını diqqətə çatdırdı. Cəmi beş il ərzində tikilən 70 kilometrlik tunellər, inşası başa çatmış 435 körpü, beynəlxalq hava limanları, elektrik stansiyaları, magistral yollar... Bütün bunlar bu torpaqların həqiqi sahibinin kim olduğunu dünyaya göstərir. İlham Əliyev strategiyası dağıdanların və talan edənlərin qarşısında quran, yaradan, dirçəldən bir xalqın iradəsini bütün möhtəşəmliyi ilə təcəssüm etdirir. Artıq 85 mindən çox soydaşımızın doğma yurduna qayıtması, onların məşğulluq, təhsil və səhiyyə ilə təmin olunması dövlətimizin sosial siyasətinin zirvəsidir. Minalanmış ərazilərin çətinliklərinə baxmayaraq, Qarabağda qurulan müasir ekoloji şəhərlər və "ağıllı kəndlər" Prezidentin uzaqgörən baxışının bəhrəsidir.

Bakının özünün keçdiyi ekoloji transformasiya yolu da Forum iştirakçıları üçün əsl ustad dərsi sayıla bilər. 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neft hasil edilən Bakı, təəssüf ki, uzun onilliklər boyu ekoloji laqeydliyin qurbanı olmuşdu. Lakin son 20 ildə Prezident İlham Əliyevin reallaşdırdığı böyük layihələr sayəsində neft gölməçələrinin, hisin-pasın hökm sürdüyü Qara şəhər bu gün ekoloji cəhətdən təmiz, müasir memarlığın incisi olan Ağ şəhərə çevrilib. Bibiheybət və Böyükşor gölünün reabilitasiyası, şəhər daxilində salınan 100-dən çox park və ictimai bağ, mikromobilliyin inkişafı, elektrikli avtobuslar və metro şəbəkəsinin genişləndirilməsi Bakını "yaşıl şəhər" konsepsiyasına sürətlə yaxınlaşdırır. Dövlət başçısının qonaqlara tövsiyə etdiyi, müasir şəhərsalmanın dənizkənarı unikal nümunəsi olan "Sea Breeze" kimi məkanlar paytaxtın həm də turizm və rekreasiya potensialının nə qədər düzgün və dərindən planlaşdırıldığını göstərir.
WUF13 Forumu Azərbaycan üçün həm də keçmiş şəhərsalma səhvlərini təhlil etmək, qlobal ekspertlərin təcrübəsindən yararlanmaq və öz uğurlu modelimizi dünyaya təqdim etmək üçün əvəzsiz bir fürsətdir. Dövlət başçısının çıxışında səmimi şəkildə qeyd etdiyi kimi, keçmişdə şəhərsalma prosesində müəyin səhvlər olub, lakin o dövr artıq geridə qalıb. Bu gün Bakı həm qədim tarixini qoruyan, həm də ən müasir texnoloji və ekoloji standartlara cavab verən bir gələcək şəhəridir.
Bakıda start götürən bu möhtəşəm Forum bir daha sübut edir ki, Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də bəşəriyyətin rifahına xidmət edən mütərəqqi ideyaları, humanizm prinsipləri və quruculuq fəlsəfəsi ilə dünyanı heyran qoymağa davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçilən bu yol, gələcək nəsillərin fəxr edəcəyi daha yaşıl, daha rahat və daha təhlükəsiz şəhərlərin ən etibarlı təminatıdır.
Əli Səfərli












