Bütün bunlar Rusiyanın potensial hücum planını göstərir – ŞƏRH

Bütün bunlar Rusiyanın potensial hücum planını göstərir – ŞƏRH

“Rusiya və Ukrayna arasında siyasi-hərbi böhran kuliminasiya nöqtəsinə çatıb. ABŞ və bir neçə Qərb ölkələrinin, hətta Rusiyanın da öz diplomatlarını Ukraynadan çıxarması müharibənin başlanmasına gətirə biləcək bir prosesdir”.

“NOCOMMENT” xəbər verir ki, bunu Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, məhz Rusiyanın şərq, cənub və şimal tərəfdən öz hərbi qüvvələrini Ukrayna ətrafında cəmləşdirməsi potensial hücum planını göstərir: “Rusiya bununla Qərbə öz şərtlərini qəbul etdirmək və beynəlxalq siyasi nizamda oz nüfuz dairəsinin formalaşdırılmasına nail olmaq istəyir. Danışıqlarla mümkün olmadı. Ona görə də Moskva istəyinə hərbi yolla nail olmaq istəyir”.

M.Əsədullazadə vurğulayıb ki, Donbasda müharibə mümkündür: “Hətta Rusiya Ukraynaya bir neçə saatlıq raket və artilleriya zərbələri endirə bilər. Bu müharibə Rusiya daxilində siyasi-iqtisadi böhrana yol aça bilər. Qərblə Rusiya kəskin şəkildə hərbi müstəvidə qarşı-qarşıya gəlib. Ukrayna bir növ bəhanədir. Amma NATO və ABŞ əsgərləri Ukraynada açıq şəkildə Rusiyaya qarşı döyüşməyəcək. Bayden və Putinin telefon danışığının nəticəsindən asılı olaraq müharibənin başlayıb-başlamayacağı bəlli olacaq.. Rusiya isə Ukraynaya zərbə endirməkdə maraqlıdır”.