SON DƏQİQƏ! Rusiya-Ukrayna müharibəsinin sonu - Bu tarixdə...

SON DƏQİQƏ! Rusiya-Ukrayna müharibəsinin sonu - Bu tarixdə...

Qlobal miqyasda sülh çağırışlarının intensivləşdiyi və beynəlxalq diplomatiyanın hərəkətə keçdiyi bir vaxtda Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində təzyiqlər pik həddə çatıb. Katolik dünyasının ruhani lideri Papa Leo XIV avqust ayının 9-da ənənəvi "Angelus" duasından əvvəl çıxış edərək tərəfləri qanlı qarşıdurmaya son qoymağa, dinc əhaliyə qarşı zorakılığı dərhal dayandırmağa səsləyib.

Xüsusilə müharibənin qurbanına çevrilən günahsız uşaqların taleyindən narahatlığını ifadə edən Pontifik beynəlxalq humanitar hüququn norma və prinsiplərinə şərtsiz əməl olunmasını, mülki obyektlərin hədəfə alınmasının qətiyyən yolverilməz olduğunu vurğulayıb. Elə həmin gün Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan da Rusiya və Ukraynaya mühüm çağırışlar ünvanlayaraq xüsusilə Qara dəniz hövzəsində kommersiya və ticarət gəmilərinə qarşı artan hücumlardan ciddi narahatlıq duyduğunu bəyan edib.

Ankara administrasiyası bölgədə təhlükəsizliyin qorunması məqsədilə tərəfləri Qara dənizdəki hücumlara qarşı qarşılıqlı moratorium elan etməyə dəvət edib. Bütün bunların fonunda Avropa İttifaqı və BMT son həftələrdə Moskvanın ünvanına sərt bəyanatlar səsləndirərək Kremlin dərhal və qeyd-şərtsiz atəşkəs razılaşmasına oturmasını tələb edir. Bütün bu diplomatik gərginliklər və qlobal çağırışlar fonunda cəmiyyəti və ekspertləri əsas düşündürən sual hələ də cavabsız qalır: illərdir davam edən bu dağıdıcı müharibə nə zaman və hansı konkret tarixdə başa çata bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, mövcud hərbi-siyasi dinamika və cəbhə xəttindəki tarazlıqlar yaxın aylarda dərhal tammiqyaslı sülh sazişinin imzalanmasını real göstərməsə də, münaqişənin mərhələli şəkildə dondurulması və ya atəşkəsə keçid prosesi 2026-cı ilin sonu – 2027-ci ilin əvvəllərində gündəmə gələ bilər: "Tərəflərin resurslarının tükənməsi, Qərb ölkələrinin hərbi və maliyyə dəstəyinin müəyyən dərəcədə tənzimlənməsi, eləcə də beynəlxalq vasitəçilərin təzyiqləri artıq payız aylarından etibarən müharibənin intensivliyini aşağı salmağa məcbur edə bilər".

Onun sözlərinə görə, xüsusilə ABŞ və Türkiyə kimi qlobal oyunçuların təşəbbüsləri nəticəsində logistik xətlərin, dəniz ticarətinin və enerji təhlükəsizliyinin qorunması üçün lokal atəşkəs mexanizmləri işlənməyə başlana bilər ki, bu da böyük sülh sazişinə gedən yolda ilk təməl daşı rolunu oynaya bilər:
"Lakin Kreml və Kiyevin ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri ilə bağlı qırmızı xətləri hələ də bir-birinə ziddir və bu ziddiyyətlərin aradan qaldırılması üçün intensiv diplomatik bazarlıqlar tələb olunur, məhz bu səbəbdən müharibənin tam hüquqi şəkildə başa çatması və yekun sülh sənədinin imzalanması üçün ən optimistik proqnozlar belə 2027-ci ildən tezə təsadüf etmir, lakin intensivləşən təzyiqlər fonunda tərəflərin ilkin barışıq mərhələsinə gəlməsi qaçılmazdır".

Əli Səfərli,
NOCOMMENT.az