Yasəmənin ölümü yenidən araşdırılacaq

Yasəmənin ölümü yenidən araşdırılacaq

Ötən ilin avqustunda Qusar Rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra həyatını itirən Yasəmən Ospatovanın ölümü yenidən araşdırılacaq

NOCOMMENT.az-ın məlumatına görə, 32 yaşında həyatını itirən iki uşaq anasının hüquqi varisi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

Apellyasiya instansiyası iddianı təmin edib. Material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün iş Qusar Rayon Məhkəməsi vasitəsilə araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokuroruna qaytarılıb.

Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək bildirib ki, əməliyyat öncəsi intubasiya borusunun səhvən nəfəs borusu əvəzinə qida borusuna yerləşdirilməsi Yasəmən Ospatovanın ölümünə səbəb olub.

Ekspertiza rəyində qeyd edilib ki, Qusar RMX-də göstərilmiş, lakin kobud həyata keçirilmiş reanimasion tədbirlər zamanı reanimatoloq tərəfindən endotraxeal intubasiya zamanı intubasiya borusunun səhvən traxeya əvəzinə qida borusuna yeridilməsi nəticəsində ağciyəri tənəffüssüz qalmış, çoxlu miqdarda qazın mədəyə ötürülməsi nəticəsində mədə və bağırsaqların mənfəzi qazla dolaraq kəskin şəkildə şişkinləşmiş, mədənin selikli qişasında yaranan səthi çatlardan mədənin mənfəzinə qanaxma baş vermişdir.

Bundan başqa, mama-ginekoloqun göstərdiyi doğuşayardım xidməti qüsurlu icra edilib. Belə ki, xəstə əməliyyata, stasionara qəbuldan 7 saat 25 dəqiqə sonra alınıb, əməliyyat öncəsində əsaslandırılmadan aşağı molekul çəkili heparin təyin edilib, zahı qadın nəzarət məqsədilə ayıltma otağında saxlanılmayıb və zahı gec aktivləşdirilib. O da qeyd olunub ki, Qusar RMX-nin Doğum şöbəsinin mama-ginekoloqu Milanə Babayeva hamiləyə ixtisaslı həkim baxışı keçirərkən ambulator tibbi kitabça açmalı idi. Xəstəyə olunmuş müayinələr, müalicə tədbirləri, məsləhətləri özündə əks etdirən ambulator tibbi kartadan çıxarışı ASM həkiminə təqdim etmək üçün pasiyentə təqdim etməli idi. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimatların tələbləri pozulub.

Qeyd edək ki, Yasəmən Ospatovanın yaxınları qeysəriyyə əməliyyatı üçün həkimin onlardan 370 manat aldığını da bildiriblər. Zərərçəkmişin hüquqi varisləri bu faktın da araşdırılmasını istəyiblər.xitab24