Güney Azərbaycanda baş verən hadisələr və bölgədə yaranan humanitar vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
NOCOMMENT.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, Güney Azərbaycanda mülki infrastrukturun və yaşayış məhəllələrinin bombalanması nəticəsində dinc əhali arasında itkilər var və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır. Bildirilir ki, qadınlar, uşaqlar və ailələr ciddi təhlükə altındadır.
Müraciət müəllifləri həmçinin bəzi silahlı kürd qruplarının Urmiya və ətraf ərazilər üzərində nəzarət qurmaq niyyəti ilə hərəkətə keçməsi barədə yayılan məlumatların narahatlıq doğurduğunu vurğulayıblar. Onların fikrincə, bu cəhdlər bölgədə yaşayan azərbaycanlı əhalini çoxşaxəli təhlükə ilə üz-üzə qoya və etnik qarşıdurma riskini artıra bilər.
Məktubda qeyd olunur ki, Güney Azərbaycanda yaşayan soydaşların təhlükəsizliyi ilə bağlı narahatlıq böyükdür və bölgədə yeni bir humanitar faciənin yaşanmasının qarşısının alınması vacib hesab edilir. Müraciətdə vurğulanır ki, Urmiyada və digər şəhərlərdə vəziyyətin gərginləşməsi bölgədə daha böyük qarşıdurma riskini yarada bilər.
Müraciət müəllifləri Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və region ölkələri ilə qurduğu münasibətlərin mövcud vəziyyətə diplomatik təsir göstərmək üçün mühüm imkan yaratdığını qeyd ediblər. Onlar Azərbaycanın dövlət başçısından Güney Azərbaycanda yaşayan soydaşların müdafiəsi və mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq səviyyədə təşəbbüslər göstərilməsini xahiş ediblər.
Sənəddə bildirilib ki, vaxtında atılacaq diplomatik və humanitar addımlar bölgədə daha böyük faciənin qarşısını ala bilər. Müraciət müəllifləri ümid etdiklərini bildiriblər ki, Azərbaycan dövləti soydaşlarının təhlükəsizliyi və bölgədə sülhün qorunması istiqamətində lazımi addımlar atacaq.

NOCOMMENT.az












