Bu gün ölkəmiz üçün tarixi bir gündür. Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışını etdilər.
NOCOMMENT xəbər verir ki, bu tarixi gün ilə bağlı fikirlərini Bakupost.az -a bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, artıq bir neçə dəfədir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edir və ölkəmizə həm siyasi, həm də mənəvi dəstəyini nümayiş etdirir:

“Bilirsiniz ki, Azərbaycanın tarixi Zəfərindən sonra, bu artıq üçüncü səfərdir. Müharibə dövründə və ondan sonrakı dövrlərdə Türkiyə hər zaman Azərbaycana öz dəstəyini nümayiş etdirib. Bu baxımdan cənab Ərdoğanın ölkəmizə səfəri və Füzuli Hava Limanının açılışında iştirak etməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda ikitərəfli əlaqələrin inkişafına öz ciddi töhfəsini verəcək.
Füzuli artıq beynəlxalq şəhərə çevrilir və burada hava limanının inşa olunması bölgənin inkişafına da ciddi dəstəyini göstərəcək. Türkiyə prezidentinin ölkəmizə səfəri bir daha Azərbaycanın yanında olduğunu və öz dəstəyini əsirgəməyəcəyini nümayiş etdirir. Azərbaycan xalqı da Türkiyənin bu dəstəyini hər zaman yüksək qiymətləndirir. Qarşıda duran əsas mühüm məsələlərdən biri də iki qardaş ölkə olaraq birlik və həmrəyilimizi qorumaq, möhkəmləndirməkdir”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Hava Limanının açılışında iştirak etməsi, Qarabağda yeni megainfrastruktur layihənin açılışı kimi də qiymətləndirmək olar:
“Füzuli Hava Limanınını beynəlxalq yükdaşımalar, regionda iqtisadi inteqrasiyaya gətirib çıxaracaq bir sülh platforması kimi dəyərləndirə bilərik.
Cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Füzuli Hava limanının açılışını etməsi, regionda müəyyən maraqları olan dövlətlərə də bir mesajdır. Bu, Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsidir”.

Politoloq qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yeni infrastruktur layihələr həyata keçirilir, yeni geosiyası reallıq formalaşır:
“Düşünürəm ki, işğaldan azad olunmuş Zəngilanda, Laçında da belə hava limanlarının gələcəkdə açılışı, Qarabağın, regionun, sülhün, tərəqqinin və iqtisadiyyatın inkişafına töhfə verəcək.
Ümumiyyətlə müəyyən dövlətlər çalışdı ki, Azərbaycana təzyiqlər etsin. Bu təzyiqlər artıq neytrallaşdı. Buna baxmayaraq Azərbaycan öz təhlükəsizlik tədbirlərini yüksək səviyyədə qurub və qardaş Türkiyə ilə bu istiqamətdə qarşılıqlı çalışır. Ərdoğanın da Araz çayı sahilində bu hava limanının açılışına gəlməsi regionda Türkiyə və Azərbaycan siyasi-iqtisadi koordinasiyası və kombinasiyası formalaşmasına xidmət edir və həmçinin İrana mesaj verir. Çünki, İran bir müddət bundan əvvəl Araz sahilində təlimlər keçirdi. Bu səfər onu göstərir ki, Araz vadisi sülh və əməkdaşlıq yeridir, nəinki hərbi təlimlər”.












