“Bu günə kimi Ermənistanla Azərbaycan arasında heç bir sənəd müzakirə olunmur. Əks halda bunu gizlətmək mümkün olmayacaqdı”.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu martın 24-də Ermənistan Milli Məclisində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vladimir Vardanyan deyib.
Martın 22-də erməni mətbuatı Ermənistan və Azərbaycan liderlərinin apreldə Brüsseldə gözlənilən görüşü barədə məlumat yayıb. Bundan sonra “Ermənistan” blokunun bəzi deputatları İrəvanla Bakı arasında qarşıdan gələn müəyyən sənədin imzalanmasından danışmağa başlayıblar. Xüsusilə də müxalifət fraksiyasının üzvü Anna Qriqoryan bu mövzuda canfəşanlıq edib.
Vardanyanın fikrincə, başa düşmək lazımdır ki, indiki halda söhbət gizlədilə bilməyən beynəlxalq müqavilədən gedir: “Hansısa sənəddən danışmağa ehtiyac yoxdur. Siz başa düşməlisiniz ki, bu halda söhbət gizlədilə bilməyən beynəlxalq müqavilədən gedir. Bu cür sənədlər müxtəlif beynəlxalq və ölkədaxili prosedurlardan keçir – ratifikasiyadan və əgər zərurət yaranarsa, referendumdan keçir”.
Vardanyan xatırladıb ki, 1945-ci ildən sonra beynəlxalq hüquq gizli müqavilə və müqavilələrin imzalanmasını qadağan edib. O, həmçinin Anna Qriqoryana bu sənədin mövcudluğu barədə məlumatı dərc etməyi tövsiyə edib, əgər həqiqətən belə məlumatlar varsa.
Vardanyanın fraksiya həmkarı, Avropaya İnteqrasiya Komissiyasının rəhbəri Arman Yeqoyan xatırladıb ki, ölkə liderlərinin hər görüşündən əvvəl mətbuatda “qarşıdan gələn sənəd”lə bağlı şayiələr yayılır. Lakin bir qayda olaraq, onlar heç vaxt təsdiqlənmir.












